Avropalı turistlərin çoxu ənənəvi olaraq qış mövsümündə isti ölkələrə səyahət edərək, istirahət etməyə və enerji toplamağa üstünlük verir.
Qaynarinfo xəbər verir ki, britaniyanın "Travelbag" turizm şirkəti 2024-2025-ci illərin qışında günəşin zövqünü çıxarmaq üçün ən yaxşı istiqamətləri müəyyən edib. Siyahıya Karib dənizi bölgəsi, Yaxın Şərq, Cənub-Şərqi Asiya və Avstraliya daxildir.
Birləşmiş Ərəb Əmirliklərinin əsas şəhərləri olan Dubay və Əbu-Dabidə turistlər qışda 28°C istilikdə günəş şüalarından həzz ala, D vitamini ehtiyaclarını qarşılaya bilərlər.
Maldiv adalarında temperatur 25°C ətrafında olur ki, bu da çimmək, snorkelinq və günəş vannası qəbul etmək üçün ideal şərait yaradır.
Karib adalarında, məsələn, Barbados, Yamayka və Sent-Lusiyada qış mövsümü quru və günəşli keçir, orta temperatur isə 30°C-dir.
Şimali Amerikada qış günəşi üçün ən yaxşı seçimlər Florida (ABŞ) və Mexiko (Meksika) hesab olunur. Bu məkanlar mükəmməl çimərlik istirahətini canlı şəhər ekskursiyaları ilə birləşdirməyə imkan yaradır.
Cənub-Şərqi Asiyada isə Tayland tropik istiliyi, sakit adaları və möhtəşəm çimərlikləri ilə qış günəşi üçün ən yaxşı məkanlardan biri kimi seçilir.
Bundan başqa, mütəxəssislər İndoneziyanın Bali, Lombok və Gili adalarını, eləcə də Malayziya və Vyetnam kimi nisbətən az tanınan ölkələri tövsiyə edir. Bu yerlərdə möcüzəvi mədəniyyət abidələri, sıx cəngəlliklər və təmiz qumlu sahilləri görmək mümkündür.
Macəra sevənlər üçün isə Avstraliya və Yeni Zelandiya tövsiyə olunur. Cənub yarımkürəsində fəsillər Avropa ilə əks olduğundan, bu ölkələrdə qışımız onların yayına təsadüf edir. Burada turistlər Böyük Sədd Rifi ətrafında üzə, Qərbi Avstraliyanın ağ qumlu sahillərində istirahət edə və ya Yeni Zelandiyanın dramatik mənzərələrinə heyran qala bilərlər.
Aydın
Şərhlər