
İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya gedən və daha sonra Avropaya qayıdan silahlıların sayı açıqlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Daxili Təhlükəsizlik Komitəsinin (Homeland Security Committee) hesabatında bildirilir.
Hesabatda, İŞİD terror qruplaşmasına 120 ölkədən 38 200 döyüşçünün qoşulduğu bildirilir. Qərb ölkələrindən İŞİD-ə qoşulanların sayı 6 900 göstərilsə də onların hansı ölkədən olması barədə məlumat verilməyib. İŞİD-ə qoşulmaq üçün İraqa və ya Suriyaya gedərək daha sonra Avropaya qayıdanların sayının isə 2 min olduğu qeyd edilib.
Bundan əvvəl CNN International kanalı bu istiqamətdə açıqladığı hesabatda qruplaşmaya qoşulanların gəldiyi ölkələri xəritə ilə göstərmişdi. Bu hesabatda Qərb ölkələrindən İŞİD terror qruplaşmasına qoşulanların sayı 3 400 göstərilmişdi.
Ötən ilin dekabrında mərkəzi Nyu York şəhərində olan “Soufan Group”un hazırladığı hesabatda isə bu rəqəm 5 min olaraq göstərilmişdi. Həmçinin hesabatda qruplaşmaya qoşulasnlardan sadəcə 3 800 nəfərin 4 ölkədən olduğu iddia olunmuşdu. Onlardan 1 800 nəfərin Fransa, 760 nəfərin İngiltərə və Almaniya, 470 nəfərin isə Belçikadan olduğu bildirilimişdi. Terror təşkiatına qoşulan silahlıların yaşlarının 20 və daha az olduğu qeyd edilmişdi.
Martın 22-də Belçikanın paytaxtı Brüsseldə 34 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi baş vermişdi. Teraktın məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü. Bundan əvvəl isə Fransanın paytaxtı Parisdə 2015-ci il noyabrın 13-də cümə gününün gecəsi yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən 6 terror hadisəsi baş vermişdi. Terakt nəticəsində 132 nəfər ölmüş, 349 nəfər isə yaralanmışdı.
Qaynar.info