Səudiyyə Ərəbistanında keçirilən sammitin iştirakçıları danışıqların yekunlarına əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün ədalətli şərtlər barədə razılığa gəliblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal”
yazır.
Nəşr qeyd edir ki, Ciddə sammitindən sonra diplomatlar Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq hüququn əsas prinsiplərinin Ukrayna və Rusiya arasında gələcək sülh danışıqlarında mərkəzi yer tutmalı olduğunu bildiriblər.
Nəşrin yazdığına görə, müharibənin qlobal nəticələri ilə bağlı təfərrüatlı işlərin aparılması barədə razılıq əldə olunub və əksər ölkələr, o cümlədən Çin yaxın həftələrdə yenidən görüşməyə hazırdır. Anonim həmsöhbətlərin fikrincə, növbəti görüş də Rusiyasız baş tutmalıdır.
Səudiyyə Ərəbistanındakı danışıqlar iyunda Kopenhagendə siyasi müşavirlərin sammitindən sonra növbəti addımdır.
Kopenhagen və Ciddədəki görüşlər arasında ən böyük fərq iştirakçıların sayı ilə bağlıdır. WSJ yazır ki, avqustun 5-də Ciddə sammitinə Kopenhagendəki sammitdən iki dəfə çox ölkə qatılıb.
Digər fərq Çinin bu danışıqlarda iştirakıdır. Qərb diplomatları Pekinin danışıqlarda konstruktiv rol oynadığını bildiriblər. Diplomatlar hesab edirlər ki, Çin Rusiyanın ən mühüm xarici müttəfiqi olduğundan tərəflər arasında danışıqları asanlaşdırmaq üçün çox vacibdir.
Nəşr qeyd edib ki, danışıqlar zamanı Çin 12 bənddən ibarət sülh planını təqdim edib. Və avropalı diplomatlar xəbərdarlıq ediblər ki, qeyd-şərtsiz atəşkəs sadəcə olaraq dondurulmuş münaqişə yarada və Rusiyaya Ukrayna ərazisi üzərində nəzarəti möhkəmləndirməyə imkan verə bilər.
ABŞ-ın yüksək səviyyəli rəsmisi bildirib ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Çin nümayəndə heyətinin rəhbəri Li Hui ilə görüşüb.
Diplomatlar həmçinin bildiriblər ki, Kopenhagendə yaranan bəzi fikir ayrılıqları azalıb. Kopenhagendə keçirilən danışıqlarda Ukrayna dünya liderlərinin Ukraynanın sülh düsturunu tam olaraq qəbul etmələrini təkid edib.
Anonim yüksək rütbəli Avropa rəsmisi deyib ki, Ciddədə Ukrayna artıq sülh planını qəbul etməkdə israrlı deyil, digər ölkələr də Kiyevin ondan imtina etməsində israr etmir. Həmçinin Ukraynanın Rusiya qoşunlarının öz ərazisindən tamamilə çıxarılması tələbi ilə bağlı müzakirələr aparılmayıb.
Üçüncü görüşün tarixi müəyyən edilməsə də, sülh danışıqlarını irəli aparmaq üçün ikitərəfli prosesə dair razılıq əldə olunub. Bundan əlavə, Ukrayna Kiyevdəki xarici səfirlərlə sülh şərtlərini müzakirə etməyə davam edəcək.
Eyni zamanda, nəşr qeyd edib ki, Səudiyyə Ərəbistanı Ukrayna sülh planında qaldırılan, bəziləri müharibənin qlobal təsirinə aid olan konkret məsələlər üzrə işçi qruplar toplusu təklif etmək istəyir.
"Konsensus ondan ibarətdir ki, bu, təkcə Avropa müharibəsi deyil və bütün dünyada ərzaq, enerji və iqtisadi sabitliyə təsir edir və nizamlanmanın yekun nəticəsini əldə etmək üçün bütün iştirakçılara ehtiyac olacaq”, - deyə qeyri-qərb ölkəsindən olan anonim diplomat bildirib.
Nizami Bağırov