"Türkiyə HƏMAS və "Hizbullah"a qarşı mövqe qoyan tək ölkədir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinasın Ankaranın Avropa İttifaqı, NATO və onların dəyərlərilə, Rusiya, İran, HƏMAS və "Hizbullah"ın dəyərləri arasında seçim etməli olduğu barədə fikirlərinə münasibət bildirərkən deyib.
Fazil Mustafa deyib ki, bu günə qədər Türkiyəyə qarşı bu cür hədələr, eyhamlar kifayət qədər çox səsləndirilib, lakin bunlar mənasız hədələrdir:
"Ankaranın hazırda yürütdüyü siyasəti bəyənmirsinizsə, Türkiyəni Avropa İttifaqına üzv qəbul edin ki, qardaş ölkə burada qurumun dediyi siyasəti birlikdə həyata keçirsin. Ankaranı Avropa İttifaqına yaxın buraxmırlar, sonra da deyirlər ki, Türkiyə niyə başqa dəyərlərə doğru yönəlir. Türkiyə müstəqil ölkədir və öz düşüncəsinə görə də davranış sərgiləyir. Ona görə də mənasız şəkildə heç bir əsas olmadan Türkiyəni bu cür ittiham etməyin yeri yoxdur”.
Deputat bildirib ki, Türkiyə bu məsələdə haqlıdır:
"Türkiyəni HƏMAS-la əlaqələndirmək də doğru yanaşma deyil. Əslində isə Ankara HƏMAS və "Hizbullah"a qarşı mövqe qoyan tək ölkədir. Türkiyəyə qarşı belə hədələr çox olub. Amma Türkiyə elə bir dövlətdir ki, ona qarşı bu formada hansısa bir kəskin münasibət ortaya qoymaqla təzyiq etmək mümkün olmayacaq. Türkiyə öz müstəqil kursunu davam etdirəcək. Kimlə mənafeyi uyğun gəlirsə, onunla da gedir və gedəcək. Heç kim Türkiyəni bu yoldan çəkindirə bilməyəcək".
Qeyd edək ki, Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas Şərqi Aralıq dənizi və Cənub-Şərqi Avropa Konfransında Ankaraya müraciət edərək Türkiyənin Avropa İttifaqı, NATO və onların dəyərlərinin, yoxsa Rusiya, İran, HƏMAS və Hizbullahın tərəfində olmağı seçməli olduğunu bildirib. Şinas forumun prezidenti Simeon Tsomokos ilə söhbətində bildirib ki, ilk andan bütün 27 Aİ ölkəsi "yekdilliklə İsrailin özünümüdafiə hüququnu tanıyıb, terror hücumunu pisləyib və yüksək səslə terrora haqq qazandıra bilməyəcəyini bəyan edib.
Rüfət Sultan