64-cü motoatıcı briqadada xidmət edən rusiyalı hərbçi Nikita Çibrin İspaniyadan siyasi sığınacaq istəyib. Onun briqadası Buçada hərbi cinayətlər törətməkdə ittiham olunmaqla tanınır.
Qaynarinfo xəbər verir ki, Çibrin niyyətləri barədə
"Gulagu.net” hüquq-müdafiə layihəsinə və
"The Guardian”a müsahibəsində danışıb.
O, beynəlxalq məhkəmədə ifadə vermək istədiyini deyib:
"Gizlədəcək heç nəyim yoxdur. Bu, Rusiyanın başladığı cinayət müharibəsidir. Mən bunu başa çatdırmaq üçün əlimdən gələni etmək istəyirəm”.
Onun sözlərinə görə, o, dörd aydan çox Ukraynada olub. Çibrin fevralın 24-də müharibədə iştirakdan imtina etdiyini və bu barədə komandanlığına məlumat verdiyini iddia edir. Bundan sonra onun mexanik vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. "Məni həbslə hədələdilər. Sonda komandirlərim məndən xidmətçi və fəhlə kimi istifadə etmək qərarına gəldilər. Məni döyüş meydanından uzaqlaşdırdılar”, - hərbçilər "The Guardian"a müsahibəsində deyir.
Öz etirafına görə, Çibrin orduya 2021-ci ilin yayında maliyyə problemlərinə görə qatılıb. Hərbçinin sözlərinə görə, onun briqadası hiylə ilə Ukraynaya gətirilib. Çibrin deyir ki, o, müharibənin ilk ayını Kiyevdən 50 km aralıda yerləşən Lipovka kəndində keçirib. Bu dövrdə onun həmkarları Buça və Andreevkada soyqırım törədiblər.
İyunun 16-da Çibrin Rusiyaya gedən yük maşınında gizlənərək Ukraynanı tərk edə bilib. O, qaçdıqdan sonra Rusiyanı tərk etməsinə kömək etmək üçün "Gulagu.net” saytının hüquq müdafiəçiləri ilə əlaqə saxlayıb. Sentyabrın 15-də o, Madridə enib və orada dərhal siyasi sığınacaq istəyib. Çibrinin sözlərinə görə, ərizəsinə baxılanadək o, qaçqınlar üçün müvəqqəti mərkəzə yerləşdiriləcək.
Nizami Bağırov