Xəbər lenti

“Budapeşt yenə də  sülhə səsləyir, amma...” - Ekspert
Dünya11:21 29.08.2023

“Budapeşt yenə də  sülhə səsləyir, amma...” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Katalin Novakın Ukraynanı Rusiya ilə danışıqlara çağırması Budapeştlə Moskva arasında körpülərin salınmasına xidmət edən açıqlamadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev Macarıstan prezidentinin Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya ilə danışıqlara getməyə səsləməsini şərh edərkən deyib. 
"Bu məsələyə bir qədər fərqli yanaşmaq lazımdır. Avropa Birliyi ölkələri arasında Macarıstan hər zaman fərqli siyasət yürüdüb. Bu xüsusda da əsasən ölkənin baş naziri Viktor Orban seçilir. Orbanın ölkəsi Avropa İttifaqında təmsil olunsa da, bir çox Avropa qanunlarına dəfələrlə etiraz edib. Macarıstanın Ukrayna müharibəsindən öncə də Rusiya ilə ciddi əlaqələri olub”, deyə ekspert bildirib.
Elşən Mustafayev bildirib ki, Macarıstan prezidentinin Kiyevi danışıqlara səsləyən bəyanatı müəyyən mənada Moskvanı Budapeştlə əvvəlki münasibətləri saxlamağa sövq etməyə hesablanıb:
"Macarıstan Aİ-nin üzvü olaraq Rusiyaya qarşı sanksiyalarda avtomatik olaraq iştirak etməyə məhkumdur. Budapeşt Ukraynanın ərazi bütövlüyünü də tanıyır. Belə olan halda, Macarıstan prezidentinin Ukraynanı Rusiya ilə danışıqlara çağırması Budapeştlə Moskva arasında körpülərin yandırılmamasına xidmət edən açıqlamadır. Görünən odur ki, digər Aİ ölkələrindən fərqli olaraq Macarıstan Rusiya ilə əlaqələrin bərpasına çalışır. Onsuz da Katalin Novakın verdiyi bəyanat hər hansı bir gücə malik deyil".
Həmsöhbətimiz qeyd edib ki, onun bəyanatı ilə Kiyev dərhal gedib Rusiya ilə danışıqlar masası arxasında oturan deyil:
"Ona görə də Katalin Novakın bəyanatı sıradan bir bəyanatdır". 
Qeyd edək ki, Macarıstan prezidenti Katalin Novak ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həllinin olmadığını deyərək, onu danışıqlar masasına oturmağa çağırıb. Prezidentin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi il yarımdır davam edir və o, uzunmüddətli sülhə gətirib çıxaracaq hərbi həll yolunu görmür. 
Rüfət Sultan