Xəbər lenti

Buryatlar üsyana qalxdı: “Döyüşmürük, nasizm Ukraynada deyil, Rusiyadadır” (VİDEO)
Dünya09:37 12.07.2022

Buryatlar üsyana qalxdı: “Döyüşmürük, nasizm Ukraynada deyil, Rusiyadadır” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Artıq 500-ə yaxın müqaviləli buryat hərbçi Ukraynada döyüşməkdən imtina edib,müqaviləyə xitam verərək vətənə qayıda bilib. 
Qaynarinfo "Azad Buryatiya” Fondunun məlumatına istinadla xəbər verir ki, 150 nəfərdən ibarət daha bir qrup iyulun 9-da Respublikaya gəlib. Fondun rəhbəri Aleksandr Qarmajapovanın "Azadlıq” telekanalının efirində dediyi kimi, Fonda hər gün hərbçilərdən kömək üçün müraciətlər daxil olur.
Qarmajapova qeyd edir ki, qanuna görə, hərbçilərin müqaviləni pozmaq və Ukraynada döyüşməmək hüququ var, lakin onlara əksini deyirlər, cinayət işi ilə hədələyirlər, qapalı yerdə saxlayırlar, telefonlar götürülür, raportlar qəbul edilmir.
"Komandirlər guya raportları görmürlər, "yalana və xəyanətə meyilli” möhürü vururlar, - Qarmajapova deyir. - Təxminən 300-350 müqaviləli hərbçi bizə müraciət edib, müraciətlər günə-gündən artır. Hər gün ən azı 1-2 nəfər müraciət edir. Çox vaxt müraciət edənlər özlərini tək təmsil etmirlər. Yəni onları haradasa bağlayıblar və birində telefon olur. Başlayırlar bizə yazmağa, zəng edib soruşurlar ki, nə etsinlər, onunla daha 10-15 nəfər var və müqaviləni pozmaq istəyirlər, amma onlara icazə verilmir. Ümumilikdə bizdən 500-ə yaxın insanın müraciəti keçib. Bunlar hamısı döyüşmək istəməyən, orada nə etdiklərini anlamadıqlarını söyləyən insanlardır. Digər bölgələrdən də müraciət edirlər. İndi Tuva hərbçiləri ilə bağlı belə vəziyyət yaranıb. Üç həftə əvvəl onlar xidmətin dayandırılması ilə bağlı raport yazıblar, lakin raportlar qeydə alınmayıb və 20-yə qədər adam hazırda Ukraynanın şərqindəki işğal olunmuş rayonlardan birinin komendantlığında saxlanılır. Qorxurlar ki, onları cəbhə xəttinə texnikasız göndərəcəklər ki, elə oradaca sakitcə ölsünlər”.
Qarmajapova xatırladıb ki, bir həftə əvvəl Buryatiyadan olan hərbçilərin arvadlarının müraciəti dərc olunub və onlar ərlərini başqa hərbçilərlə əvəzləyib vətənə qaytarmağı xahiş ediblər. Əslində, onların ərləri artıq evə qayıdırdı, lakin müraciət dərc olunan zaman onları geri çevirdilər, bəziləri hərəkətdə olarkən avtobusdan atılmalı oldular.
"Əslində, onlar bu ifadəni hərbi senzuranın bir hissəsi kimi istifadə ediblər, - Fondun rəhbəri deyir. - Video çəkilən zaman onların ərləri artıq müqaviləyə xitam verilməsi ilə bağlı raport yazmışdılar. Amma məlum olub ki, onların videomüraciəti şəbəkədə görünəndən sonra artıq evə gedən bu adamların olduğu avtobus döndərilib. Onlar yenidən Ukraynanın işğal olunmuş ərazisinə göndərilib və daha 10 gün orada qalıblar. Dünən və bu gün təyyarələr gəlməyə başlayıb və artıq geri qayıdanların arasında imtina edənlər də var. Müqaviləyə xitam verilə bilər. Bunun üçün heç bir cəza yoxdur. Bu realdır. Bəli, onları qapalı yerdə saxlayıblar, amma sonda geri qayıtmağa müvəffəq olublar. Ya belə qayıda bilərsən, ya da ki tabutda”.
"Azad Buryatiya” Fondunun hüquq şöbəsinin rəhbəri Andrey Rinçino "Agentstvo” nəşrinə bildirib ki, bu yaxınlarda 120 müqaviləli hərbçidən ibarət qrup "LXR”də hərbi polislə dava edib. Onların hamısı həbs edilib və onlara deyilib ki, icazəsiz bu ərazini tərk etmək olmaz. Bunun üçün guya cinayət məsuliyyəti nəzərdə tutulur. "FSB onlarla, eləcə də qohumları ilə sıx işləyir. Onları dindirirlər, əsasən hədələyirlər, amma əslində heç nə edə bilmirlər”, - Rinçino deyir.
Qarmajapova deyir ki, buryat hərbçilərinin döyüşməkdən imtina etməsinin səbəbi təkcə qorxu deyil, onlar həm də Ukraynada niyə "denasifikasiya” lazım olduğunu başa düşmürlər.
"Mənimlə müqaviləni ləğv edə bilən bir hərbçi əlaqə saxladı və aşağıdakıları danışdı: "Mən işğalçı olmaq istəmirəm. Başa düşmürəm ki, mən 9 il Moskvada yaşamışamsa və orada irqçilik və ksenofobiya ilə üzləşmişəmsə, biz Ukraynanı niyə "denasifikasiya” edirik? Başlanğıcda mən tez-tez "orada NATO var, demilitarizasiya lazımdır” ifadələrini eşidirdim. Buna cavab olaraq onlara xatırladırdım ki, Moskvada bizə deyirlər ki, siz "çurkasız” və "qıyıqgözlüsüz”, çıxın gedin öz evinizə. Məhz Ukraynanın "denazifikasiyaya” ehtiyacı olduğuna əminsinizmi? Ukraynada rus dilini qorumaq istədiyinizi deyirsiniz. Rusiyada Rusiyanın yerli xalqlarının dilləri ilə nə baş verdiyini xatırlayın. Və sizin ana dilinizin öyrənilməsinin icbari olmamasının təşəbbüskarı məhz Vladimir Putindir. Və bundan sonra insanların beyinlərində nəsə qığılcım baş verir”.
Nizami Bağırov