Türkiyədə təbii qaz paylama və ticarət mərkəzinin yaradılması üzrə işlər yekunlaşmaq üzrədir.
Qaynarinfo "İnterfaks”a istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
"Biz bu il ilk ticarət əməliyyatını həyata keçirməyə hazırlaşırıq”, deyə nazir bildirib.
Dönməzin sözlərinə görə, bir sıra ölkələrlə ticarət qaz qovşağı mövzusunda müzakirələr aparılıb: "Bu məsələni müzakirə etdiyimiz bütün dövlətlərin nümayəndələri Türkiyə qovşağı layihəsini dəstəkləməyə hazır olduqlarını bəyan ediblər”.
Nazir qeyd edib ki, enerji təhlükəsizliyinin təmin edilməsi Türkiyə üçün prioritet olaraq qalır: "TANAP vasitəsilə tədarükün ikiqat artırılması ilə bağlı ümumi rəy formalaşıb. Bu istiqamətdə işlər davam etdirilir. Bu həm də yaxın 3-4 ildə qaz hasilatının artırılmasını nəzərdə tutur ki, bu da şübhəsiz ki, həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək”.
Fevralın 14-15-də İstanbulda mavi yanacaq istehsal edən ölkələrin iştirakı ilə qazın müzakirəsi üçün sammitin keçiriləcəyi də bildirilir.
Nizami Bağırov