Slovakiya prezidenti Zuzana Çaputova mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinən Kəşfiyyat İnformasiya Xidmətinin (SİS) rəhbəri Mixal Alaçı vəzifəsindən kənarlaşdırıb.
Qaynarinfo bu barədə aktuality.sk-ya istinadən xəbər
verir.
"Kəşfiyyat İnformasiya Xidmətinin əməkdaşı dövlət qulluğunu davam etdirməsi mühüm dövlət qulluğu maraqlarını təhdid edərsə və cinayət əməli törətməkdə əsaslı şübhələr yaranarsa, dövlət qulluğundan müvəqqəti olaraq kənarlaşdırılmalıdır", deyə prezidentin sözçüsü Martin Strizineç bildirib.
O, qeyd edib ki, istintaq müddətində Alaçın vəzifələri onun müavininə həvalə edilib.
Keçən həftə polis Mixal Alaçı cinayətkar qrup yaratmaq, təşkil etmək və dəstəkləmək, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Bu işdə Slovakiya Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Roman Koneçninin də adı çəkilir.
SİS rəhbəri avqustun 19-da saxlanılıb və ertəsi gün sərbəst buraxılıb. Versiyalardan birinə görə, Mixal Alaç şahidlərə təsir edə biləcəyindən qorxaraq saxlanılıb. İstintaqın məlumatına görə, o, slovakiyalı iş adamlarından birinin rəhbərlik etdiyi cinayətkar qrupun üzvü olub, qrupun məqsədi cinayət işlərinin istintaqına təsir etmək olub. Mixal Alaç təqsirini inkar edir, o, istintaq başa çatdıqdan sonra işə münasibət bildirəcəyini vəd edib.
Aydın