ABŞ-ın mühafizəkar fəalı Çarli Kirkın qətli ilə bağlı iş məhkəməyə göndərilib. Yuta ştatında dairə məhkəməsinin hakimi 23 yaşlı Tayler Robinsona qarşı toplanmış sübutların ağırlaşdırıcı hallarla qətldə rəsmi ittiham irəli sürülməsi üçün kifayət etdiyinə qərar verib.
Qaynarinfo xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, Yuta ştatının qanunlarına əsasən, Robinson ölüm cəzası ilə üzləşə bilər.
Sentyabrın 1-də Provo şəhərinin dairə məhkəməsində keçirilən iclasda Tayler Robinson ona qarşı irəli sürülən yeddi ittihamın heç biri üzrə özünü təqsirli bilməyib.
O, ağırlaşdırıcı hallarla qətldən başqa, ağır bədən xəsarətləri ilə nəticələnən tüfəngdən qanunsuz atəş açmaq, ədalət mühakiməsinə mane olmaq və şahidlərə təzyiq göstərməkdə də ittiham olunur.

İttiham tərəfi Tayler Robinsona qarşı geniş sübutlar toplayıb. Bunlar arasında onun DNT izləri, ballistik məlumatlar, universitetdəki müşahidə kameralarının görüntüləri, eləcə də mətn mesajlarında və onlayn çatlarda təqsirini etiraf etməsi ilə bağlı məlumatlar var.
Növbəti məhkəmə iclası oktyabrın 23-də keçiriləcək. Həmin iclasda andlılar heyətinin iştirakı ilə məhkəmə prosesinin başlanacağı dəqiq tarix müəyyənləşdiriləcək.
Çarli Kirk sentyabrın 10-da Yuta ştat universitetində çıxışı zamanı güllələnərək öldürülüb. Fəal ABŞ prezidenti Donald Trampın tərəfdarı idi.
Kirkla vida mərasimi sentyabrın 21-də Arizona ştatında keçirilib. Tədbirdə Donald Tramp, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və milyarder İlon Mask da iştirak edib.
Aydın
Şərhlər