Onun 48 yaşında olduğuna və ya 2 uşaq anası olmasına inanmaq həqiqətən çətindir. Söhbət Hollivudun ən gözəl və seksual ulduzu amerikalı aktrisa Holli Berridən gedir.Afrikalı Ceromi Berri ilə ABŞ-a köçən avropalı Cudif Berrinin qızı Holli 1966-cı ildə Klevlenddə dünyaya gəlib. İlk dəfə 1989-cu ildə “Living Dolls” adlı serialda rol alan və yavaş-yavaş tanınmağa başlayan Holli 1991-ci ildə məşhur rejissor Spayk Linin “Jungle Fever” adlı filmi ilə ulduz olub. 1999-cu ildə “Introducing Dorothy Dandridge” serialındakı roluna görə, “Qızıl qlobus” mükafatına layiq görülüb. Holli 2002-ci ildə “Monster’s Ball” filmindəki roluna görə isə “Oskar” mükafatına layiq görülüb.
Qeyd edək ki, aktrisa ”Oskar” alan ilk afrikalı qadın olub.
Gözəl ulduz “Monster’s Ball”, “X-Men”, “Die Another Day”, “X2” kimi filmlərində rol alıb. Xüsusilə də, “Cat woman” (Pişik qadın) filmində seksuallığı ilə ön planda olub.
İki dəfə ana olan seksual aktrisa hamiləlikdən sonra qısa müddətdə ideal çəkisinə qovuşaraq dünya gündəmini gözəlliyi ilə yenə məşğul edib.
Hamiləlik aylarında, adi günlərdə, gecə mərasimlərində qüsursuz görünməyi bacaran Holli artıq “stil ikonası”na çevrilib.
Sinə dekoltesini çox sevən və sahib olduğu cazibədar dəri rənginin üstünlüyündən faydalanan ulduz sadə gözəlliyini nümayiş etdirir. Makiyajdan və dəbdəbədən uzaq olan aktrisa qadınlara sadə gözəlliyin sirlərini aşılayır. Boyu 1.70 sm olan ulduz boyunu daha uzun göstərmək üçün uzun geyimlərə və hündürdaban ayaqqabılara üstünlük verir.
Xüsusilə, qırmızı xalıda şıqlığı ilə hamını özünə heyran qoymağı bacaran Holli bədəninin gözəlliyini nümayiş etdirməyi çox sevir.
Yay aylarında bütün xanımların qaralmağa meyilli olduğunu nəzərə alaraq makiyaj, geyim və saç tərziniz üçün ilham ala biləcəyiniz Holli Berini “Onların stili”nə qonaq etdik. Yayın ən dəbli xanımı olmaq istəyirsinizsə, yazımızı oxumağa davam edin.
Dəvətlərin ən şıq geyinən qadını. Yaşına baxmayaraq, seksuallığından və gözəlliyindən heç nə itirməyən Holli Berri özünə ən çox qara rəngi yaraşdırır. Elə dəvətlərə də çox vaxt qara rəngli geyimlərdə qatılır.
O, istər rol aldığı filmlərdə, istərsə də real həyatda cəsarət tələb edən açıq-saçıq geyimlərdə görünməkdən çəkinmir. Tez-tez sinə dekolteli libaslar geyinir. Ancaq kürək və ayaqlarını nümayiş etdirməyi də sevir.
Aktrisa ən çox qısa saç modellərini sevir. Elə ona görə də saçlarını qısaltmağa qərar verən qadınlar ondan ilham alırlar. Qısa saçlara baxım asan olsa da, bu saç modelini üzə yaraşdırmaq çətindir. Ancaq Holli bu işin öhdəsindən gəlir.
Gözəl ulduzu orta uzunluqdaki saçlarda, uzun dalğalı və ya uzun bob saç modellərində də görmək mümkündür. Onun sevimli saç rəngi qaradır, ancaq həm rol aldığı filmlərə görə, həm də bəzən dəyişiklik etməyi sevdiyi üçün saçlarını şabalıdı və ya qəhvəyinin müxtəlif tonlarına boyayır.
Geyimi, makiyajı və aksessuar seçimləri ilə əsl dəb ilahəsi olduğunu hər fürsətdə isbat edən gözəl aktrisanın tərzinə moda dünyasının ən tanınmış stilistləri belə heyran qalırlar. Aktrisanın 2002-ci ildə “Oskar” almaq üçün gəldiyi mükafat gecəsinə geyindiyi paltarı 75 ilin ən yaxşı “Qırmızı xalı” geyimi seçilmişdi. (tabloid.az)
Qaynar.info







