
- Cəmil müəllim, sanki son vaxtlar Milli Şuranın və müxalifətin fəaliyyətində sönüklük nəzərə çarpır. Bu nə ilə bağlıdır?
- Mən belə düşünmürəm. Milli Şuranın Koordinasiya Mərkəzi vaxtaşırı toplantı keçirir, ölkədə baş verən proseslərə münasibətini bildirir. Sentyabrın 26-da keçiriləcək referendumla bağlı Milli Şura bəyanat yayıb. Bizim hər toplantıda Koordinasiya Mərkəzinin toplantısı barədə mətbuata məlumat verilir. Referendumla bağlı Milli Şura qanunun, konstitusiyanın icazə verdiyi bütün mümkün vasitələrdən istifadə etməyi planlaşdırır. Yay aylarında Azərbaycanın bütün ictimai-siyasi təşkilatlarında tətillərlə bağlı, adamların müxtəlif yerlərə səfərləri ilə bağlı siyasi aktivlik aşağı düşür. Amma bunun Milli Şuraya heç bir aidiyyatı yoxdur. Milli Şura bütün yay aylarında ardıcıl olaraq öz müzakirlərini keçirib, sənədlərini açıqlayıb və referendumla bağlı fikir və mülahizəsini xalqa bildirib.
- Müsavat partiyasının yaratdığı "Respublika" təşviqat qurupu qeydiyyata alınmadı. Bundan sonra partiya referendumla bağlı mitinq keçirəcəklərini bəyan etdi. Milli Şura, Müsavat partiyası ilə birgə mitinq keçirməsi mümkündürmü?
- Milli Şuranın edə biləcəyi şeylər barədə sizə məlumat verdim. Bura kütləvi tədbirlərin keçirilməsi də daxildir.
- Həbsdə olıan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işi açılmasına münasibətiniz necədir?
- Əlbəttə, Əli İnsanova qarşı yeni cinayət işinin açılması sırf siyasi mülahizələrdən irəli gəlir. Mən düşünmürəm ki, Əli İnsanovi orda hansısa daxili rejim qaydalarını pozub. Bu adamın 11 illik cəza müddətinin qurtarmasına 58 gün qalmış onun üçün əlavə cinayət işi açıblar. Mən hesab edirəm ki, bütün bunlar hakimiyyətin Əli İnsanova qərəzli münasibətinin nəticəsidir. Nəzərə almaq lazımdır ki, Əli İnsanov haqqında Avropa İnsan Hüquqları Məhkəməsinin 4 il bundan qabaq verilmiş qərarı var. Bu qərarda onun qərəzli şəkildə həbs olunması bildirilib və onun azadlığa buraxılması Azərbaycan hakimiyyətinə tövsiyyə edilib. Ümumiyyətlə, Azərbaycanda Avropa məhkəməsinin qərarları ilə bağlı maraqlı vəziyyət yaranıb. Bu qərarların maliyyə cərimələri ilə bağlı tərəfi yerinə yetirilir, hüquq tərəfi yerinə yetirməkdən imtina edilir. Bu Əli İnsanova və İlqar Məmmədova da qarşı olan münasibətdə belədir . Şübhəsiz ki, artıq 70 yaşında olan Əli İnsanova qarşı belə münasibət ciddi etiraz doğurur. Bunu siz sosial şəbəkələrdən də, mətbuatdan da görə bilərsniz. Bu haqsızlıqdır, qanunsuzluqdur. Bu addımlar siyasi sifarişlə atılır. Görünür, Əli İnsanovun azadlığa çıxmasından kimlərsə narahatdır. Onun azadlığa çıxmasının qarşısını almaq üçün bu addımlar atılır. Biz bunu pisləyirik.
- Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla əlaqələriniz davam edirmi? Rüstəm müəllim necə münasibət bəsləyir ölkədəd baş verənlərə?
- Rüstəm müəllim hal-hazırda Amerikada, Los-Ancelesdədir. Son hadisələrdən, xüsuslilə kütləvi həbslərdən ciddi narahatdır. AXCP-nin bu formada təqib olunmasına, Əli Kərimliyə qarşı başlanmış kampaniyaya qarşı etiraz etdiyini ifadə edib. Referendumla bağlı da onun münasibəti mənfidir. Bu barədə mətbuat artıq yazıb.
- Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin də hüquqlarını müdafiə etmisiniz. Hazırda o azadlıqda və xarici ölkədədir. Sizinlə əlaqə saxlayırmı?
- Heç bir əlaqə yoxdur. Mənim tərəfimdən də heç bir təşəbbüs olmayıb.
- Eldar Namazov müsahibəsində deyib ki, Əli İnsanov artıq fenomenə çevrilib. Razılaşırsınız bu fikirlə?
- Eldar Namazovun bu fikirlərin oxumamışam. Öz fikrimi deyə bilərəm, kiminsə fikrini şərh etmək istəmirəm. Hesab edirəm ki, Əli İnsanov məhkəmə prosesində və həbs müddətində özünü kifayət qədər dəyanətli, şəxsiyyətli bir adam kimi göstərdi. Öz prinsiplərini ortaya qoydu və axıra qədər ona edilən müəyyən təkliflərdən imtina etdi. Öz etirazını Avropa Məhkəməsinə çıxartdı və cəzaçəkmə yerindən verdiyi məlumatlarda, çağırışlarda mübarizəyə hazır olduğunu ifadə etdi. Bu baxımdan Əli İnsanova qarşı törədilən haqsızlığı pisləyirəm və hesab edirəm ki, onun azadlığa çıxması gec də olsa, təmin olunmaldıır.
Qızılgül Abdinova