İngiltərənin məşhur sabiq futbolçusu Stiven Cerardın yeni klubu müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, 41 yaşlı mütəxəssis "Aston Villa"nın baş məşqçi postuna təyin olunub. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Anlaşmanın detalları açıqlanmayıb. Daha əvvəl Birmingem klubunun onunla 2,5 il müddətinə müqavilə bağlayacağı və onun klub tarixində ən çox maaş alan baş məşqçisi olacağı bildirilirdi.
Cerard İngiltərə klubuna keçidi ilə bağlı bunları söyləyib: "Aston Villa", İngiltərə futbolunda tarixi ənənələrə sahib bir klubdur. Komandanın yeni baş məşqçisi olmaqdan hədsiz qürur duyuram. "Aston Villa" rəhbərliyi ilə danışarkən onların klubla bağlı iddialı planları olduğunu başa düşdüm. Mən onlara məqsədlərinə çatmaqda kömək etməyi səbirsizliklə gözləyirəm. Mənə təcrübə yığmağa imkan yaradan "Reyncers"lə əlaqəli hər kəsə səmimi təşəkkürümü bildirmək istərdim. 55-ci titul qəlbimdə əbədi olaraq qalacaq. Futbolçulara, heyətə və azarkeşlərə gələcəkdə uğurlar arzulayıram".
Veteran futbolçu 2017-2018 mövsümündə "Liverpul"un U-19 komandasını çalışdırıb. 2018-ci ildə Şotlandiya klubu "Reyncers"in baş məşqçisi postuna təyin olunub və 2020/2021 mövsümündə bu komanda ilə birlikdə ölkə çempionluğunu yaşayıb.
11 turdan sonra "Aston Villa" 10 xalla 16-cı yerdədir.
Səbuhi Həsənov