Dünya 22:51 26.04.2023

Çexiya XİN rəhbərindən Rusiyaya sərt cavab: Lavrov təlxək, Rusiya isə terrorçudur

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Çexiya prezidenti haqqında söylədiyi fikirlərə cavab olaraq rusiyalı diplomatı təlxək adlandırıb və bildirib ki, terrorçu Rusiya Federasiyasının rəhbərliyi tribunal qarşısına çıxarılmalıdır.

Qaynarinfo xəbər verir ki, Lipavski öz Twitter səhifəsində yazıb ki, "təlxək Lavrovun prezidentimiz Pavel haqqında dedikləri sadəcə gülüncdür”.

"Rusiya terrorçu dövlətdir və onun rəhbərliyi beynəlxalq tribunal qarşısına çıxarılmalıdır", - çex diplomat vurğulayıb.

Lipavski Lavrovun hansı bəyanatlardan danışdığını dəqiqləşdirməyib. Lakin bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Çexiya prezidentinin Çinin Ukrayna ilə bağlı mövqeyinə reaksiyası "siyasi normalara uyğun gəlmir”.

"Bunlar normal siyasətçinin işi ilə heç bir əlaqəsi olmayan bəyanatlardır”, - Lavrov bildirib.

Xatırladaq ki, Çexiya prezidenti Petr Pavel "Politico”ya müsahibəsində bildirib ki, Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasında Çinə vasitəçi kimi etibar etmək olmaz, çünki müharibənin davam etməsi Pekinin xeyrinədir. 

Nizami Bağırov