XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Cey Di Vens: Dəccal hazıra insanların arasında ola bilər
Dünya15:42 02.09.2026

Cey Di Vens: Dəccal hazıra insanların arasında ola bilər

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Dəccalın "aramızda gəzə biləcəyini" və "Tanrının iradəsinin yerinə yetirilməsinin dünyanın sonuna gətirib çıxarmasına" etiraz etməyəcəyini bildirib. O, bu barədə “Bryce Crawford Podcast” verilişində danışıb.

Qaynarinfo xəbər verir ki, məlumatı “The Independent” yayıb.

Aparıcı Vensdən “axır zamanlar” barədə nə düşündüyünü, xüsusilə də bu dövrün artıq başlayıb-başlamadığını və ya yaxınlaşıb-yaxınlaşmadığını soruşub.

“Bizim axır zamanlarda yaşadığımızı düşünürəmmi? Bilmirəm. Məncə, buna həddindən artıq fokuslanmaq mənə mənəvi baxımdan zərər verə bilər. Çünki, belə demək mümkündürsə, görüləsi işlər var”, deyə siyasətçi cavab verib.

Vens sözlərinə belə davam edib: “Mən həyat yoldaşıma qayğı göstərməliyəm. Övladlarıma qayğı göstərməliyəm. Amerika Birləşmiş Ştatları üçün bacardığım qədər ən yaxşı lider olmalıyam. Buna görə də, məni maraqlandırsa da, bütün diqqəti buna yönəltməyin çox zərərli ola biləcəyini düşünürəm”.

Onun sözlərinə görə, dünyada elə hadisələr baş verir ki, bu səbəbdən Dəccalın aramızda dolaşmasına təəccüblənməzdi. Bununla belə, ABŞ-ın vitse-prezidenti bu mövzuya həddindən artıq aludə olmamağa çalışdığını bildirib:

"Belə düşünməyə meylliyəm: dünyanın sonunun gəldiyi dövrdə yaşadığımıza təəccüblənməzdim, amma hazırda mümkün qədər çox Tanrının işini görməyə diqqət yetirməyə çalışıram. Əgər bu, dünyanın sonuna gətirib çıxaracaqsa, yaxşı. Yox, əgər mən öldükdən sonra da uzun müddət çiçəklənəcək və mövcud olacaq daha yaxşı dünya qurmağımıza səbəb olacaqsa, bu da möhtəşəmdir"

Aparıcı Vensdən cənnətə düşəcəyinə əminliyini 1-dən 10-a qədər şkala üzrə qiymətləndirməsini istəyib: “Bu, çətin sualdır. Əminlik səviyyəm yüksəkdir, amma 10 deyil... Yeddi və ya səkkiz".

Vensdən həmçinin ABŞ lideri Donald Trampın süni intellekt vasitəsilə İsa obrazında yaradılmış və bu ilin əvvəlində sosial şəbəkələrdə paylaşılmış fotosu barədə fikri soruşulub. Tramp əvvəlcə şəkildə özünü həkim obrazında gördüyünü düşündüyünü bildirmiş, daha sonra, o cümlədən bəzi tərəfdarlarının tənqidindən sonra paylaşımı silmişdi.

“Belə demək mümkündürsə, onun Tanrını ələ salmaq və ya təqlid etmək niyyəti olmayıb. Bu, sadəcə onun xarakterinə uyğun deyil. Onunla işləyən bizlər üçün o, bir qədər dəcəl biridir və sadəcə əylənməyi xoşlayır. Düşünürəm ki, insanlar bunu qiymətləndirsəydilər, onun kimisə təhqir etməyə çalışmadığını, sadəcə gərginliyi azaltmaq istədiyini anlayardılar”, deyə Cey Di Vens bildirib.

Qeyd: Dəccal - İslam və xristian esxatologiyasında (axirət təsəvvürlərində) Qiyamətdən əvvəl zühur edəcək, insanları haqq yoldan azdıracaq əsas yalançı və şər qüvvədir. Ərəbcə "hiyləgər", həqiqəti ört-basdır edən, yalanı gözəl göstərən deməkdir. Hədislərə görə, bir gözü kor, aldadıcı qeyri-adi güclərə malik və özünü ilahi kimi təqdim edən bir şəxs olacaq. "Axır zamanda" Həzrət İsa və Həzrət Mehdinin zühurundan sonra məhv ediləcək. Quran-Kərimdə birbaşa "Dəccal" adı çəkilmir, lakin hədislərdə onun fitnəsi böyük əlamət kimi xəbər verilir. Xristian inancında o, Məsihin düşməni və ya Anti-xrist (Məsih əleyhdarı) adlanır. İsa Məsihin təlimlərinə və ruhuna qarşı çıxan, dünyanı aldadan hər hansı bir şər qüvvə və ya şəxs kimi izah olunur

Aydın