ABŞ-ın "Chevron” neft-qaz şirkətinin rəhbəri Mayk Virt hesab edir ki, Yəmənin "Ənsar Allah” hərəkatının (husilər) Qırmızı dənizdə gəmilərə hücumları neft nəqli üçün ciddi risklər yaradır. Onun sözlərinə görə, hücumlar neftin qiymətinin artmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Virt Dünya İqtisadi Forumunda CNBC-yə deyib.
"Chevron”un direktoru ABŞ-da bir barel üçün 73 dollardan aşağı ticarət etməsinə təəccübləndiyini söyləyib, belə ki, husilərin hücumları səbəbiylə "risklər çox realdır". "Bu, çox ciddi vəziyyətdir və getdikcə pisləşir", - yanvarın 16-da Davosda keçirilən Dünya İqtisadi Forumunda Mayk Virt bildirib.
"Bu bölgədən dünya neftinin o qədər böyük hissəsi axır ki, əgər o bağlansaydı, məncə, vəziyyətin çox tez dəyişdiyini görərdiniz", - "Chevron”un rəhbəri qeyd edib. Onun sözlərinə görə, risklərə baxmayaraq, onun şirkəti Qırmızı dəniz vasitəsilə neft nəqlini davam etdirir və bu məsələdə ABŞ Hərbi Dəniz Qüvvələri ilə sıx əməkdaşlıq edir.
Nizami Bağırov