Çin BMT-də Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı sərt ifadələr olan sənədlərə səsvermə zamanı "bitərəf” praktikasından imtina etmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, İslandiyanın BMT-dəki nümayəndəliyinin dərc etdiyi məlumatlara əsasən, Çin nümayəndə heyəti Rusiyanın "təcavüzkar” adlandırıldığı Baş Assambleyanın qətnaməsinin lehinə səs verib.
"BMT və Avropa Şurası arasında əməkdaşlıq” adlanan A/77/L.65 nömrəli sənəddə Avropanın "Rusiya Federasiyasının Ukraynaya, ondan əvvəl isə Gürcüstana təcavüzündən sonra” üzləşdiyi "görünməmiş çağırışlardan” bəhs edilir.
Qətnamədə həmçinin Rusiyanın hərbi təcavüzünün qurbanlarına dəyən "zərərin ödənilməsi” və "beynəlxalq hüquq normalarının pozulmasında günahkar olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi” tələb olunur.
Çindən başqa, Qazaxıstan və əksər postsovet respublikaları sənədin lehinə səs verib. Tacikistan və Özbəkistan bitərəf qalıb. Sənədin lehinə həmçinin Rusiya hakimiyyətinin "dost” adlandırdığı ölkələr səs verib. Onların arasında Hindistan, Braziliya və Türkiyə var. Ümimilkdə qətnamənin qəbul edilməsinə 122 ölkə "hə” deyib.
Yalnız beş dövlət əleyhinə səs verib. Rusiyadan başqa bunlar Belarus, Konqo Demokratik Respublikası, Nikaraqua və Suriyadır.
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serget Kislitsa bildirib ki, rusiyalı diplomatlar qətnamədən təcavüz ifadəsini çıxarmağa çalışıblar, lakin buna nail ola bilməyiblər.
Rusiya daimi nümayəndəliyinin rəsmi bəyanatında deyilir ki, müvafiq bəndin "qətnamə məsələlərinə heç bir aidiyyatı yoxdur və həm də son dərəcə siyasiləşdirilib”.
"Mətnin müəllifləri Ukraynanın Donbass sakinlərinə qarşı 8 ildir davam edən müharibəsi haqqında bilərəkdən susurlar” deyən Rusiyanın Daimi Nümayəndəsi Vasil Nebenzya öz bəyanatında israrla bildirib ki, "NATO-nun 1999-cu ildə keçmiş Yuqoslaviya Respublikasına təcavüzü” də BMT tərəfindən nəzərə alınmayıb.
Nizami Bağırov