Xarici siyasətə cavabdeh olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Van İ bəyan edib ki, fevralın sonunadək Pekin Ukrayna münaqişəsinin siyasi həlli planını təqdim edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə yüksək rütbəli çinli məmur Münhen təhlükəsizlik konfransında çıxışı zamanı
bildirib.
"Çin Ukrayna məsələsinin siyasi həlli ilə bağlı mövqeyini əks etdirən sənəd təqdim edəcək. Sənəddə biz sədr Si Cinpinin irəli sürdüyü təklifləri, o cümlədən ərazi bütövlüyünə və suverenliyinə hörmət etmək, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etmək, qanuni təhlükəsizlik narahatlıqlarına ciddi yanaşmaq və sülhün bərqərar olması üçün bütün səyləri dəstəkləyəcəyik”, deyə Van İ qeyd edib.
Van İnin sözlərinə görə, Çin Ukrayna məsələsində "qəti şəkildə sülh və dialoqun tərəfindədir”. "Biz əminik ki, bu böhranlı vəziyyət yalnız sülh danışıqları yolu ilə həll edilə bilər", deyə o, bildirib.
Eyni zamanda, Çin rəsmisi təklif edib ki, bəzi qüvvələr Ukraynada sülh istəmir və onların strateji hədəfləri bu ölkənin hüdudlarından kənara çıxır. O, konkret hansı ölkə haqqında danışdığını açıqlamayıb, lakin o, "Avropalı dostları” "hər şeyi hərtərəfli düşünməyə” və "problemin sülh yolu ilə həlli üçün səy göstərməyə” çağırıb.
Münhendə Vanq İdən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq çıxış edərək bildirib ki, Ukraynada sülhə silah təchizatı və Ukrayna ordusunun potensialının gücləndirilməsi ilə nail olmaq olar: "Biz Ukraynanın qalib gəlməsini və suveren bir xalq olaraq qalmasını təmin etmək üçün onu dəstəkləyirik. Ukraynada davamlı və ədalətli sülhün təmin edilməsinin yeganə yolu onlara hərbi dəstək verməkdir”.
NATO-nun baş katibi etiraf edib ki, "çoxları maraqlanır ki, Ukraynaya hərbi yardım münaqişənin gərginləşməsi riskini daşıyır”: Amma o, bununla razılaşmadığını açıq şəkildə bildirib: "Deyə bilərəm ki, risksiz variantlar yoxdur. Amma Putinin qələbə riski daha çoxdur.”
Nizami Bağırov