Dünya 15:17 12.05.2023

Çin hərəkətə keçir: Xüsusi nümayəndə mayın 15-də Ukraynaya yola düşür

Mayın 15-dən etibarən Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Rusiya və Ukrayna arasında müharibənin həllini müzakirə etmək üçün Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyaya turneyə başlayacaq. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib

"Mayın 15-dən etibarən Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Ukrayna böhranının siyasi həllini bütün tərəflərlə müzakirə etmək üçün Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiya da daxil olmaqla beş ölkəyə səfər edəcək", - Van Venbin brifinqdə deyib. 

Xatırladaq ki, fevralın 24-də Çin Xarici İşlər Nazirliyi Ukraynadakı müharibənin həlli ilə bağlı 12 bənddən ibarət plan dərc edib. Orada, xüsusilə, onlar hərbi əməliyyatları dayandırmağa və "soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıblar. Kiyev və Vaşinqton bu təşəbbüsü tənqid edib.

Aprel ayında Bloomberg mənbələrə istinadən xəbər verib ki, Fransa prezidenti Emmanuel Makron Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının ofisinin rəhbəri Van İ ilə birlikdə sülh planının təfərrüatlarını işləyib hazırlamaq üçün xarici siyasət məsələləri üzrə müşaviri Emmanuel Bonna göstəriş verib. Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Ukraynanın iştirakı olmadan sülh planı üzərində işi dayandırmağa çağırıb, plan Avropa İttifaqı və ABŞ-da da tənqid edilib.

Aprelin 26-da Çin sədri Si Szinpin ilə Ukrayna prezidenti arasında telefon danışığı olub. Nəticədə onlar Kiyevə Çinin xüsusi nümayəndəsini göndərmək barədə razılığa gəliblər, o, münaqişənin həlli üçün bütün tərəflərlə danışıqlar aparacaq. Daha sonra Çin Xarici İşlər Nazirliyi xüsusi nümayəndənin Çinin Rusiyadakı səfiri olmuş Li Hueyin olacağını açıqlayıb. 

Nizami Bağırov