Dünya 15:27 28.05.2023

Çin istehsalı olan ilk sərnişin təyyarəsi uçuşa başladı

Çin istehsalı olan ilk təyyarə mayın 28-də göyərtəsində 128 sərnişinlə Şanxaydan Pekinə kommersiya uçuşu həyata keçirib.

Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

"China Commercial Aircraft Corp of China Ltd" (COMAC) təyyarənin hazırlanmasına 2008-ci ildə başlayıb və istehsala 2011-ci ilin sonunda start verib. 2022-ci ilin sentyabrına qədər C919 uçuş üçün rəsmi sertifikat alıb.

İstehsalçı COMAC-ın artıq C919 üçün 1000-dən çox sifariş aldığı bildirilir. Baxmayaraq ki, onların əksəriyyəti təsdiqlənməyib. Ölkənin ən böyük aviadaşıyıcılarından biri olan "China Eastern" 2023-cü ildə beş C919 təyyarəsini öz donanmasına daxil etməyi planlaşdırdığını açıqlayıb.

Qeyd olunur ki, bu yolla Çin kommersiya təyyarələrinin istehsalında "Boeing” və "Airbus” şirkətlərinin üstünlüyünü sarsıtmağa çalışır. Həm "Airbus A320neo" ailəsi, həm də "Boeing 737 Max" onilliyin sonuna qədər tam sifariş kitabçasına malikdir, yəni dar gövdəli təyyarələrə ehtiyacı olan hər hansı bir daşıyıcı çox güman ki, alternativ axtarmalı olacaq.

Eyni zamanda, "Bloomberg" qeyd edir ki, COMAC-ın bu sifarişləri yerinə yetirmək qabiliyyətinə dair şübhələr var. Çünki Çin istehsalçısı həm də mühərriklər üçün "General Electric Co.", "Honeywell International Inc." və "CFM International Inc." də daxil olmaqla xarici hissə təchizatçılarından asılıdır. 

Həmçinin qeyd olunur ki, C919 yalnız Çin daxilində uçuşlar üçün sertifikatlaşdırılıb, Avropa sertifikatlaşdırılması isə davam edir. Hər bir C919-un qiyməti adi aviaşirkət endirimləri istisna olmaqla, təxminən 99 milyon dollardır.

Aydın