Çin lideri Si Szinpin ABŞ prezidenti Co Baydenlə görüşü zamanı onu Tayvanı silahlandırmağı dayandırmağa çağırıb.
Qaynarinfo bu barədə "The Guardian"a istinadən xəbər
verir.
Nəşr qeyd edir ki, söhbət zamanı Si Tayvana silah verilməsini dayandırmağa və Çinin ada ilə "birləşməsinə” dəstək verməyə çağırıb. Bundan əlavə, o, Baydenin Çinlə bağlı birtərəfli sanksiyaları qaldıracağına ümid etdiyini bildirib.
Bayden görüşün keçirildiyi mülkü tərk edərkən jurnalistlərə hər iki baş barmağını yuxarı qaldırıb və Si ilə danışıqların "yaxşı" getdiyini söyləyib.
Bundan sonra ABŞ prezidenti Çin lideri ilə görüşdə "real irəliləyişin" əldə edildiyini bildirib.
"Mən bu gün prezident Si ilə apardığım söhbəti yüksək qiymətləndirirəm, hesab edirəm ki, liderlər kimi bir-birimizi aydın şəkildə başa düşməyimiz çox vacibdir. Ortaq liderliyimizi tələb edən mühüm qlobal problemlər var. Və bu gün biz real irəliləyiş əldə etmişik”, deyə ABŞ prezidenti X sosial şəbəkəsində
yazıb.
Ağ Evin bəyanatında deyilir ki, "iki ölkənin liderləri bir sıra ikitərəfli və qlobal məsələlər üzrə səmimi və konstruktiv müzakirə aparıblar”.
Bundan əlavə, Ağ Ev əlavə edir, Bayden və Si "ixtilafların mövcud olduğu məsələlər haqqında fikir mübadiləsi aparıblar".
Nizami Bağırov