Çinin diplomatik nöqteyi-nəzərdən əsas məqsədi təcrid dövründən sonra Qərb ölkələri ilə münasibətləri yaxşılaşdırmaqdır. Xüsusilə, Ukraynada silahlı münaqişə başlayandan sonra Pekinin Rusiyaya dəstəyi səbəbindən Avropa ilə zərər görmüş münasibətlərin bərpası nəzərdə tutulur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” Çin rəsmilərinə və ÇXR rəhbərliyindəki öz mənbələrinə istinadən
yazır.
FT-nin məlumatına görə, fevralın 24-dən bəri Çin rəsmiləri dəfələrlə nəşrə bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı hərbi əməliyyata başlamaq planları barədə Pekinə məlumat verməyib. Bir məmur bildirib ki, Vladimir Putin və Si Szinpin arasında 2022-ci il fevralın 4-də keçirilən görüş zamanı Rusiya tərəfi Rusiyanın təhlükəsizliyinə təhdid yaranarsa, "hər hansı mümkün tədbirlərin” görülməsinə işarə edib. Lakin Çin daha sonra ehtimal edib ki, söhbət hansısa məhdud hərbi müdaxilənin mümkünlüyündən gedir.
Hələlik, FT mənbələri vurğulayır ki, Çin Rusiyanın Ukrayna ilə münaqişədə qalib gələ bilməyəcəyi və ondan "dünya səhnəsində iqtisadi və diplomatik cəhətdən zəifləmiş” güc kimi çıxması ehtimalını qəbul edir. Bir sıra məmurlar baş verən hadisələr fonunda Rusiya prezidentinə inamsızlıq hiss etdiklərini etiraf ediblər.
FT yazır ki, Pekin indiyədək Avropa hökumətlərini Vladimir Putinin nüvə silahından istifadə etməməsi üçün Moskva ilə yaxın münasibətlərindən istifadə etməyə hazır olduqlarına inandırıb. Eyni zamanda, Avropa ilə münasibətlərin bərpası strategiyasının bir hissəsi kimi, Çin özünü "potensial sülhməramlı” və münaqişə bitdikdən sonra Ukraynanın bərpası prosesinin iştirakçısı kimi göstərmək niyyətindədir.
Diplomatik vektorun dəyişməsinə sübut kimi FT Qərb liderlərinin artan səfərlərini göstərir. Belə ki, ötən ilin noyabrında Almaniya kansleri Olaf Şolts və Avropa Şurasının sədri Şarl Mişelin Pekinə səfərindən sonra Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Giorgia Meloninin səfəri gözlənilir.
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Çin Rusiyaya qarşı sanksiyalara əməl etmədiyi üçün Qərb dövlətləri tərəfindən tənqid edilib. Eyni zamanda, Çin prezidenti Si Szinpin ölkəsinin Rusiya ilə yaxınlaşmağa hazır olduğunu dəfələrlə təsdiqləyib. Belə ki, o, dekabrın 21-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşü zamanı qlobal idarəetmənin birgə inkişafına kömək etmək niyyətində olduğunu bildirib.
Dekabrın 30-da videobağlantı vasitəsilə danışıqlar zamanı Vladimir Putin Çin liderinə bildirib ki, iki ölkə arasında olan indiki münasibətlər tarixin ən yaxşısıdır. Noyabrın 18-də Fransa prezidenti Emmanuel Makron "Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Çin bu prosesdə mühüm rol oynayır, çünki o, Rusiya tərəfini nüvə silahından istifadə etməkdən çəkindirə bilər.
Nizami Bağırov