Xəbər lenti

Çin sanksiyalar altındakı Rusiya qazını idxal etmək üçün öz
Dünya 16:34 12.11.2025

Çin sanksiyalar altındakı Rusiya qazını idxal etmək üçün öz "kölgə donanması"nı yaradır

Çin ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya qazını idxal etmək istiqamətində səylərini artırıb və bu məqsədlə daxili "kölgə donanması”nın — yəni dondurulmuş qazı daşımağa və sanksiyalardan yan keçməyə qadir gəmilərin — əsasını qoyur.

Qaynarinfo "Bloomberg”ə istinadla yazır ki, dünyanın ən böyük enerji idxalçısı olan Çin boru kəmərləri ilə kifayət qədər (və çox vaxt daha ucuz) qaz alır. Lakin dəniz yolu ilə həyata keçirilən alternativ idxal — "kölgə donanması” üçün əsas səbəb — Çinə tədarük mənbələrini şaxələndirməyə və eyni zamanda Rusiya ilə əlaqələri gücləndirməyə imkan verir. Rusiya prezidenti Vladimir Putin gələcəkdə əsas enerji ixrac məhsulu kimi sıxılmış təbii qaz (STQ) üzərində dayanır və ölkə bu sahədə alıcılara ciddi ehtiyac duyur.

Çinin "kölgə donanması” hələ ilkin mərhələdə olsa da, tankerlərin hərəkəti və onların mülkiyyət strukturu artıq Rusiya nefti üçün tətbiq edilən sanksiyalardan yayınma sxemlərinə bənzəməyə başlayıb.

Məlumata görə, "CCH Gas” adlı tanker ABŞ sanksiyaları altında olan Rusiya qazını daşıyarkən, Çin limanına yaxınlaşanda öz mövqeyini gizlədib.
 
Onun qeydiyyatdan keçmiş sahibi CCH-1 Shipping Co. adlı şirkətdir, bu şirkətin ünvanı Honq-Konqdadır və Samxin Secretarial Services Ltd. adlı poçt şirkətinin ünvanı ilə üst-üstə düşür — bu da İran və Rusiya yanacağı ilə gizli ticarət aparan firmalar arasında yayılmış təcrübədir.

Digər bir qaz tankeri, sonradan "Kunpeng” adını alan gəmi, Sinqapur yaxınlığında peyda olub və oxşar — şəffaf olmayan mülkiyyət quruluşuna malikdir. Equasis gəmiçilik bazasının məlumatına görə, bu tanker ilin əvvəlində öz mülkiyyətini və idarəçiliyini Çində və Marşal adalarında yerləşən az tanınan şirkətlərə ötürüb. Həmin ünvanlar "qara siyahıya” düşmüş digər yüklərlə ticarət edən firmalarla əlaqələndirilir.

Rusiya ötən ildən bəri öz "kölgə STQ donanmasını” formalaşdırır — bu günə qədər Rusiya və Hindistan arasında yerləşən ofşor şirkətlər vasitəsilə qeydiyyatdan keçmiş ondan çox belə gəmi var. Bu, ABŞ və Avropanın Rusiya nefti və qazı üzərindəki sanksiya təzyiqi fonunda baş verir.

"Bloomberg” qeyd edir ki, STQ üçün "kölgə donanması” yaratmaq asan deyil, çünki bu gəmilər –162°C temperaturda yanacaq daşıyır və bu, digər məhsullardan qat-qat mürəkkəb texnologiya tələb edir. Hazırda dünyada təxminən 8000 neft tankeri, lakin cəmi 800 STQ tankeri mövcuddur, bu da onların hərəkətini gizlətməyi çətinləşdirir.

Qeyd edək ki, sentyabrda Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini qəbul edib. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen açıqlayıb ki, Avropa İttifaqı Rusiya sıxılmış qazının idxalına qadağa təklif edir.

Həmçinin, Aİ sanksiyalar siyahısına daha 118 "rus kölgə donanması” gəmisini əlavə edib və "Qazpromneft”lə "Rosneft”in Avropada maliyyə əməliyyatları aparmasına qadağa qoyub.

Oktyabrda Avropa İttifaqı Şurası Avropa Komissiyasının 1 yanvar 2028-ci ildən etibarən Rusiya qazının tam idxal qadağasına dair təklifini təsdiqləyib.
Buna görə:

• 2025-ci il iyunun 17-dək bağlanmış qısamüddətli müqavilələr 2026-cı il iyunun 17-dək qüvvədə qala bilər;

• Uzunmüddətli müqavilələr isə 2028-ci ilin yanvarınadək davam edə bilər.

Bununla yanaşı, məlum olub ki, Rusiya sıxılmış qaz ixracı 2025-ci ilin yanvar–oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% azalıb, baxmayaraq ki, oktyabrda, xüsusilə Çinə tədarük həcmi rekord səviyyəyə çatıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->