Çinin Xalq Bankı 2024-cü ilin mart ayında ardıcıl 17-ci dəfə qiymətli metalı alaraq qızıl ehtiyatlarını artırmağa davam edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg"
yazıb.
Nəşr aydınlaşdırır ki, bu alışlar ABŞ-da aşağı faiz dərəcələri gözləntiləri fonunda qızılın rekord həddə çatmasına kömək edib. Statistikaya görə, Çin Xalq Bankının qızıl ehtiyatları mart ayında 72,74 milyon troy unsiyaya yüksəlib. Bu, 2015-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.
Çin və Hindistan da daxil olmaqla mərkəzi bankların qızıla artan tələbi 2022-ci ildən başlayaraq qiymətli metalın qiymətinin artmasının əsas amili olub. Dünya Qızıl Şurasının məlumatına görə, mərkəzi banklar 2024-cü ilin fevral ayından ardıcıl 9 ay qızıl ehtiyatlarını artırmağa davam ediblər.
Bu arada, Çinin ümumi valyuta ehtiyatları 2024-cü ilin mart ayının sonuna kimi 3,2457 trilyon dollara yüksəlib ki, bu da 2021-ci ilin dekabrından bəri ən yüksək göstəricidir. Nəşr yazır ki, Çin Xalq Bankı göstəricinin fevral ayı ilə müqayisədə 0,6%, illik ifadədə isə 1,9% artımını risklərin neytrallaşdırılması üçün sabit ehtiyatların saxlanması zərurəti ilə əlaqələndirir.
Analitiklər hesab edirlər ki, Çinin qızıla davamlı tələbi geosiyasi qeyri-sabitlik və yüksək inflyasiya fonunda beynəlxalq ehtiyatları diversifikasiya etmək istəyi ilə bağlıdır. Bundan əlavə, qiymətli metalın alınması Pekinə özünü Qərbin mümkün sanksiyalarından sığortalamağa kömək edir.
Aydın