Xəbər lenti

Çində beş günə 26 mərtəbəli bina tikildi - Onu söküb daşımaq mümkündür (VİDEO)
Video 08:15 19.06.2026

Çində beş günə 26 mərtəbəli bina tikildi - Onu söküb daşımaq mümkündür (VİDEO)

Çinin Hunan əyalətində modul texnologiya ilə 26 mərtəbəli yaşayış binası cəmi beş gün ərzində inşa edilib. Tikinti prosesində işlərin böyük hissəsi tikinti meydançasından zavoda köçürülür. Layihə "Broad Group” şirkəti tərəfindən həyata keçirilib və sürəti, eləcə də yığım üsulu ilə diqqət çəkib.

Qayanrinfo "Adevarul" portalına istinadən xəbər verir ki, təxminən 14 000 kvadratmetr sahəyə malik "Jingdu Holon” binası 2024-cü il yanvarın 7-dən 11-dək inşa edilib. Quruluş paslanmayan poladdan hazırlanmış prefabrik modullardan ibarətdir və onlar obyektə çatdırılaraq kranlar vasitəsilə quraşdırılıb.


Tətbiq edilən sistemdə modullar demək olar ki, tam şəkildə zavodda hazırlanır. Orada artıq elektrik naqilləri, ventilyasiya sistemləri və digər texniki komponentlər quraşdırılmış olur. Tikinti meydançasında isə modullar üst-üstə yerləşdirilir və qaynaq olmadan mexaniki birləşmələrlə bərkidilir.

Tikinti prosesi əsasən montaj mərhələsindən ibarətdir: kranlar modulları yerinə yerləşdirir, briqadalar onları bərkidir, daha sonra mühəndis şəbəkələri birləşdirilir. Yığım tamamlandıqdan sonra bina su və elektrik təchizatına sürətlə qoşula bilir.

Hər mərtəbədə təxminən 68 kvadratmetr sahəyə malik səkkiz mənzil yerləşir. Binada liftlər, pilləkənlər və inteqrasiya olunmuş texniki sistemlər nəzərdə tutulub.

Ənənəvi beton binalardan fərqli olaraq, bu tikili paslanmayan poladdan hazırlanmış modullardan ibarətdir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu material daha möhkəm və zəlzələ kimi mexaniki təsirlərə daha davamlıdır. Bu yanaşma 2008-ci il zəlzələsindən sonra əldə edilən təcrübələrə əsaslanır.

Konstruksiyaya həmçinin "B-CORE” adlı patentləşdirilmiş döşəmə sistemi daxildir. "Modular Building Institute” bu sistemi yüksək temperaturda istehsal edilən polad "sendviç” kimi təsvir edir və onun binanın dayanıqlığını artırdığını bildirir.

264 modul, iki kranla yığılmış bina

Bina ümumilikdə 264 standartlaşdırılmış moduldan ibarətdir. Montaj işlərində təxminən 100 işçi növbəli şəkildə iki kran – qüllə kranı və mobil kran vasitəsilə çalışıb.

Tikinti prosesi izləyicilərə nümayiş etdirmək məqsədilə onlayn canlı yayımlanıb.

Bəzi modulların ölçüsü dəniz konteynerlərinə bənzədiyi üçün onların daşınması asanlaşır və layihənin başqa ərazilərdə də tətbiqi mümkün olur.

Sürətli istehsal və aşağı istismar xərcləri

Şirkətin məlumatına görə, hər modul təxminən 21 dəqiqəyə istehsal oluna bilir. Bu da tikintinin yüksək sürətini izah edir. Bundan əlavə, bina istilik izolyasiyası və xüsusi pəncərələr hesabına enerji sərfiyyatını, xüsusilə kondisioner xərclərini azaltmaq üçün layihələndirilib.

Mənzillər demək olar ki, tam təchiz olunmuş şəkildə təhvil verilir, lakin məişət texnikası (məsələn, soyuducu və paltaryuyan) daxil edilmir.

Binanı köçürmək mümkündür və 1000 il xidmət göstərə bilər

"Broad Group” nümayəndələri bildirirlər ki, bina 1000 ildən çox xidmət göstərə bilər. Modul quruluş sayəsində isə onu söküb başqa ərazidə yenidən yığmaq mümkündür. Lakin bu iddialar şirkət tərəfindən irəli sürülüb və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Layihənin sosial tərəfi də var: bina dövlət proqramları çərçivəsində bölgəyə cəlb edilən mütəxəssislər üçün nəzərdə tutulub və ilk iki il ərzində onlar kirayə haqqı ödəməyəcəklər.

Aydın

--> -->