Xəbər lenti

Çinin iki keçmiş müdafiə naziri korrupsiyaya görə Kommunist Partiyasından çıxarıldı
Dünya 18:37 27.06.2024

Çinin iki keçmiş müdafiə naziri korrupsiyaya görə Kommunist Partiyasından çıxarıldı

Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosu Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin keçmiş rəhbəri Li Şanfunu "intizam pozuntularına” (korrupsiya) görə partiyadan qovub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sinxua” agentliyi istintaqın nəticələrinə istinad edərək yazıb.

Agentliyin məlumatına görə, o, külli miqdarda rüşvət alıb və təklif edib, vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edib. Li Şanfunun müdafiə naziri olan sələfi Vey Fenhe də qanunu və partiya nizam-intizamını pozduğuna görə ÇKP-dən xaric edilib.

Li Şanfu ÇKP-nın 20-ci Ümumçin qurultayının nümayəndəsi statusundan məhrum edilib. "Sinxua” agentliyinin istinad etdiyi istintaq hesabatına görə, o, "rəsmi vəzifəsindən istifadə edərək” özü və başqaları üçün "qanunsuz fayda” əldə etmək istəyib və bunun müqabilində "külli miqdarda pul” alıb. O, həmçinin "qanunsuz mənfəət əldə etmək məqsədilə” rüşvət verməkdə şübhəli bilinir.

"Sinxua” agentliyinin məlumatına görə, istintaq Vey Fenheni kadr təminatında "qanunsuz imtiyazlar” verməkdə və nizam-intizamı pozmaqda şübhəli bilir: müəyyən edilmiş qaydalara baxmayaraq, o, üçüncü şəxslərdən pul və hədiyyələr qəbul edib.

Vey Fenhe 2018-2023-cü illərdə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinə rəhbərlik edib. Li Şanfu 2023-cü ilin martında bu vəzifəyə keçib. 
Avqustun 29-dan sonra üçüncü Çin-Afrika Sülh və Təhlükəsizlik Forumu keçirildikdən sonra o, ictimaiyyət qarşısına çıxmayıb. Daha sonra mətbuatda onun vəzifəsindən uzaqlaşdırıldığı və istintaqa cəlb olunduğu xəbəri yayılıb. İstefa rəsmi olaraq oktyabr ayında elan edilib.

"Reuters” mənbələrə istinadən yazıb ki, Li Şanfuya qarşı cinayət işi hərbi texnikanın satın alınması zamanı pozuntulara aiddir. Agentlik yazır ki, onun tabeliyində olan daha səkkiz nəfər istintaqa cəlb edilib. 2024-cü ilin yanvarında Çinin Mərkəzi İntizam Təftiş Komissiyası antikorrupsiya yoxlamalarına başladığını elan edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->