Dünya 17:42 08.03.2023

Çinlə "Starlink" peyklərini vurmağın yollarını axtarır - "Reuters"

Çin Xalq Respublikası Ukraynadakı silahlı münaqişədə Rusiyanın təcrübəsi əsasında aşağı orbitli "Starlink" peyklərinin vurulması, tank və helikopterlərin "Javelin" raket sistemlərindən qorunması yollarını araşdırır. 

Qaynarinfo xəbər verir ki, Çinin 20-dən çox hərbi jurnalında 100-ə yaxın məqaləni təhlil edən "Reuters" agentliyinin iddiasına görə, Pekin ABŞ-ın silahla təchiz etdiyi Tayvanla mümkün müharibəyə hazırlaşır.

Çin Xalq Azadlıq Ordusu tədqiqatçılarının altı məqaləsi İlon Maskın "SpaceX" şirkəti tərəfindən hazırlanmış "Starlink" peyk şəbəkəsinə diqqət yetirir. Bu peyklər Ukrayna hərbçiləri üçün hətta ölkənin elektrik şəbəkəsinə hücumlar zamanı da təhlükəsiz rabitəni təmin edirdi.

Bundan əlavə, agentliyin təhlilinə əsasən, çinli tədqiqatçılar belə qənaətə gəliblər ki, dövlət dronların inkişafına daha çox sərmayə qoymalıdır. Çinin dövlət müdafiə korporasiyası olan "Norinco" jurnalında dərc olunan məqalədə deyilir ki, pilotsuz uçuş aparatları gələcək müharibələrin "qapılarını sındıracaq”.

Çin Dövlət müdafiə elmi, texnologiyası və sənayesi administrasiyasının rəsmi jurnalında dərc olunan oktyabr məqaləsində də qeyd olunub ki, Çin ordusu hərbi texnikanı Ukraynada "Rusiya tanklarına ciddi ziyan vuran" "Stinger" və "Javelin" raketlərindən qorumaq qabiliyyətini təkmilləşdirməlidir.

Xatırladaq ki, bu ilin əvvəlində ABŞ Hərbi Hava Qüvvələrinin Hava mobilliyi komandanlığının rəhbəri Mayk Minihan 2025-ci ildə Çinlə birbaşa qarşıdurmanın olacağını proqnozlaşdırıb. ABŞ konqresmenləri proqnozu etibarlı adlandırıblar. ÇXR səlahiyyətliləri müharibəyə hazırlaşmaq çağırışını təxribat kimi qiymətləndirərək, "Çin təhlükəsi”nin şişirdilməsinin gərginliyin artmasına səbəb olacağı barədə xəbərdarlıq ediblər.

Çinin xarici işlər naziri Sin Qan bildirib ki, Vaşinqton öz xarici siyasətinin kursunu dəyişməsə, Çin və ABŞ arasında "münaqişə və qarşıdurma” qaçılmazdır. Onun sözlərinə görə, ABŞ-ın hərəkətləri diplomatik böhrana gətirib çıxarıb, hansının ki, qarşısını almaq olardı.

Nizami Bağırov