Çinin iki astronavtı açıq kosmosda doqquz saat keçirərək, ən uzun müddətlik çıxış rekordunu qırmış ola bilərlər.
Qaynarinfo "The New York Times"a
istinadən xəbər verir ki, bu barədə Çin Kosmik Administrasiyası məlumat verib.
"Şençjou-19" missiyasının astronavtları Tsay Syujö və Sunq Lindun bu həftə öz ilk "nəqliyyatdankənar fəaliyyəti" - açıq kosmosa çıxışını həyata keçirdilər və görünür ki, 2001-ci ildə iki amerikalı astronavt tərəfindən müəyyən edilmiş 8 saat 56 dəqiqəlik əvvəlki rekordu qırıblar", deyə Çin İnsanlı Kosmik Uçuş Agentliyi məlumat yayıb.
"Bu hadisə Çinin kosmosda gücünü və nüfuzunu nümayiş etdirmək istədiyinin daha bir sübutudur", deyə "The New York Times" yazır.
Astronavtlardan biri Sunq Lindun bildirib ki, açıq kosmosdan heyrətamiz mənzərələrə tamaşa edərkən onlar həm də insanlı kosmonavtikanın əzəmətini və məsuliyyətini dərindən hiss edib.
Qeyd olunur ki, astronavtlar oktyabr ayının sonunda "Tyanqonq" kosmik stansiyasının tikintisi və xidməti missiyası çərçivəsində açıq kosmosa çıxıblar. Onlarla birlikdə mühəndis Van Xaoçze də olub. O, açıq kosmos əməliyyatı zamanı stansiyanın daxilində qalaraq həmkarlarına dəstək verib.
Çin mətbuatının məlumatına görə, astronavtlar "Tyanqonq" stansiyasının orbitində altı ay keçirəcək, elmi təcrübələr və bir sıra açıq kosmos çıxışları reallaşdırcaqlar. Beləliklə, Çin "Tyanqonq" missiyasını yaxın illərdə astronavtları Aya göndərmək yolunda mühüm addım kimi görür.
Lakin Çin İnsanlı Kosmik Uçuş Agentliyi bu çıxışı dünya rekordu olaraq elan etməyib. Qurum qeyd edib ki, bu, yalnız Çin astronavtları üçün ən uzun açıq kosmos çıxışı olub.
"Agentlik həmçinin bildirdi ki, hər iki astronavt "Tyanqonq" stansiyasının xaricinə çıxmaq kimi təhlükəli bir addım atdılar. Bu, ciddi hazırlıqlar tələb edən bir iş idi və məqsədləri stansiyanı kosmik tullantılardan qorumaq üçün avadanlıq quraşdırmaq və digər xarici qurğuları yoxlamaq idi", deyə materialda əlavə olunub.
Bundan əlavə, Çin Elmlər Akademiyası xəbər verib ki, üç astronavt kosmosa meyvə milçəkləri də aparıblar. Bununla, zəif maqnetizm və mikroqravitasiyanın onların davranışına və böyüməsinə necə təsir etdiyini araşdırmağı planlaşdırırlar.
Aydın
Şərhlər