ABŞ-ın CNN media holdinqini yaradan və 24 saatlıq xəbər kanalını televiziyada inqilaba çevirən media sahibkarı, xeyriyyəçi Ted Törner vəfat edib.
Bu barədə "Turner Enterprises” tərəfindən yayılan press-relizdə bildirilir.
Bildirilib ki, 87 yaşlı iş adamı çərşənbə günü ailəsinin əhatəsində sakit şəkildə dünyasını dəyişib.
Ohayo ştatında doğulan və "Cənubun ağzı” ləqəbi ilə tanınan iş adamı öz açıq sözlülüyü ilə seçilirdi. O, kabel televiziyasında ilk superkanalı yaradaraq, film və cizgi filmləri yayımlayan populyar kanallar və "Atlanta Braves" kimi idman komandaları ilə media imperiyası qurmuşdu.
Törner həmçinin dünyaca tanınan yelkən idmanı həvəskarı, BMT Fondunu yaradan xeyriyyəçi, nüvə silahlarının ləğvini hədəfləyən aktivist və ABŞ-da ən böyük torpaq sahiblərindən birinə çevrilmiş təbiət qoruyucusu idi. O, ABŞ-ın qərbində bizonların yenidən təbiətə qaytarılmasında mühüm rol oynamışdı. Hətta uşaqlara ətraf mühiti öyrətmək üçün "Captain Planet” cizgi serialını da yaratmışdı.
Lakin onu ən məşhur edən, xəbərləri dünyanın hər yerindən real vaxtda və fasiləsiz şəkildə təqdim etmək ideyası olub. 1991-ci ildə Törner "Time” jurnalı tərəfindən "İlin adamı” seçilmişdi. Jurnal onu "hadisələrin gedişatına təsir edən və 150 ölkədə izləyiciləri tarixə birbaşa şahid edən şəxs” kimi təsvir etmişdi.
Törner sonradan öz kanallarını "Time Warner” şirkətinə satmış və daha sonra biznesdən uzaqlaşmışdı. Buna baxmayaraq, o, CNN-i həyatının ən böyük nailiyyəti adlandırırdı.
"Onun ideyaları cəsarətli idi, qərarlarına inanırdı və həmişə intuisiya ilə hərəkət edirdi. O, həmişə CNN-in ruhu olaraq qalacaq. Biz onun çiyinlərində dayanırıq", deyə "CNN Worldwide” rəhbəri Mark Tompson bildirib.
2018-ci ildə, 80 yaşına az qalmış Törnerə Levi bədəni demensiyası diaqnozu qoyulmuşdu. 2025-ci ilin əvvəlində isə o, pnevmoniya səbəbilə xəstəxanaya yerləşdirilmiş, sonra reabilitasiya mərkəzinə köçürülmüşdü.
Törnerin beş övladı, 14 nəvəsi və iki nəticəsi var.
Televiziya xəbər inqilabının başlanğıcı
Ted Törner 24 yaşında atasının intiharından sonra onun billboard şirkətini – "Turner Outdoor Advertising" – idarə etməyə başlamışdı. O, kədərini işə yönəldərək media sahəsində genişlənməyə start vermişdi.
Əvvəlcə radio stansiyaları alıb, daha sonra 1970-ci ildə Atlantada "Channel 17” adlı çətin vəziyyətdə olan televiziya kanalını əldə edib. Köhnə seriallar və filmlər yayımlayaraq kanalın reytinqini artırıb.
1976-cı ildə kanalın siqnalını peyk vasitəsilə yayımlayaraq kabel televiziyasında ilk "superkanal” yaradıb. Daha sonra "Atlanta Braves" və "Atlanta Hawks" komandalarını da alıb və idman yayımlarını gücləndirib.
1980-ci ildə 24 saatlıq xəbər kanalı ideyasını reallaşdıraraq CNN-i yaradıb. Bu, dünyada ilk belə kanal olub.
Başlanğıcda texniki problemlərə baxmayaraq, Körfəz müharibəsi zamanı CNN canlı yayım sayəsində qlobal xəbər mənbəyinə çevrilib. Törner 1996-cı ildə media imperiyasını təxminən 7,5 milyard dollara "Time Warner” şirkətinə satıb.
Şəxsi həyat və çətinliklər
Törner uşaqlıqda çətin ailə münasibətləri yaşamış, atası tərəfindən sərt davranışlara məruz qalıb. Bacısının xəstəliyi və erkən ölümü onun dini inancına da təsir edib.
O, Harvard arzusu ilə böyüdülsə də, Braun Universitetini yarımçıq qoyub. Atasının ölümündən sonra ailə biznesini idarə etməyə başlayıb.
Daha sonra aktrisa Ceyn Fonda ilə evlənib (1991–2001), bu münasibət dövrünün ən məşhur cütlüklərindən birinə çevrilib.
Xeyriyyəçilik və son illər
Törner 1997-ci ildə BMT-yə 1 milyard dollar ianə vəd etmişdi. O, böyük torpaq sahələri alaraq ABŞ-da ən iri fərdi torpaq sahiblərindən biri olmuşdu.
Onun fondları ətraf mühitin qorunması, nüvə təhlükəsinin azaldılması və nəsli kəsilməkdə olan növlərin qorunmasına yönəlmişdi. Həmçinin bizonların sayını artıraraq onların yenidən təbiətə qaytarılmasında mühüm rol oynamışdı.
Törnerin şirkətləri və layihələri arasında CNN, TNT, TCM və "Cartoon Network” də var idi.
O, media dünyasında inqilab yaratmaqla yanaşı, xeyriyyəçilik fəaliyyəti ilə də yadda qalıb. Törnerin həyatı ailə faciələri, böyük uğurlar və güclü iradə ilə formalaşıb.
Aydın
Şərhlər