ABŞ prezidenti Co Bayden Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin NATO-nun növbəti baş katibi təyin edilməsinə çalışır.
Qaynarinfo xəbər verir ki, bu barədə The Telegraph məlumat
yayıb.
Qəzet yazır ki, Ağ Ev Böyük Britaniyanın müdafiə naziri Ben Uollesdən imtina etdikdən sonra Avropa Komissiyasının sədri ABŞ-ın NATO baş katibi vəzifəsinə namizədi seçilib.
İyulun 4-də NATO müttəfiqlərinin 2014-cü ilin oktyabrından Alyansın baş katibi olan Yens Stoltenberqin səlahiyyətlərinin 2024-cü ilin payızına qədər uzadılmasına razılaşdıqları bildirilir.
Qeyd olunur ki, NATO liderləri gələn həftə Vilnüsdə keçiriləcək illik sammitdə Stoltenberqin varisi ilə bağlı razılığa gəlməyə ümid edirdilər, lakin namizədlə bağlı razılığa gələ bilməyiblər.
NATO-dakı mənbə "The Telegraph”a bildirib ki, ABŞ prezidenti Almaniya Müdafiə Nazirliyinə əvvəllər rəhbərlik etmiş fon der Lyayeni yaxın 12 ay ərzində uyğun namizədin ortaya çıxmayacağı qorxusu fonunda Stoltenberqin varisi olmağa inandırmağa çalışır.
İkinci mənbənin nəşrə verdiyi məlumata görə, Bayden və fon der Lyayen son illərdə Çin, Ukrayna və iqlim üzərində sıx transatlantik əlaqələri gücləndirərək "güclü bağ" yaradıblar.
"Bildirilir ki, indi o (Avropa Komissiyasının sədri - red.) Rusiyanın Ukraynaya təcavüzünü yanlış qiymətləndirən Avropa xüsusi xidmət orqanlarından aldığı məlumatlardan imtina edərək kəşfiyyat məlumatlarını əldə etmək üçün Vaşinqtona güvənir”, – qəzet yazır.
Şəxsi söhbətlər zamanı fon der Lyayen Baydenə ən azı gələn ilə qədər NATO-da heç bir vəzifə tuta bilməyəcəyini söyləyib.
Eyni zamanda, qəzet qeyd edir ki, Ağ Evin strateqləri gələn il keçiriləcək Avropa Parlamentinə seçkilərdən sonra onu "ələ keçirmək” fürsəti görürlər.
Nizami Bağırov