ABŞ-ın sabiq prezidenti Co Baydenin oğlu Hunter Bayden Kaliforniyada yerləşən reabilitasiya mərkəzində məsləhətçi və eyni zamanda həmin müəssisənin xeyriyyə fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Newsmax” nəşri mərkəzin öz bəyanatına istinadən məlumat yayıb.
Los-Ancelesin Hollivud-Hillz bölgəsində yerləşən "Peak Path Health” reabilitasiya mərkəzi alkoqol və narkotik asılılığından əziyyət çəkən şəxslərlə işləyir və əsasən imkanlı müştərilərə xidmət göstərir. Mərkəzin açıqlamasına görə, 2026-cı ilin iyununda ayıqlıqda 7 ili tamamlayan Hunter Bayden şəxsi təcrübəsini və davranış pozuntularının müalicəsi xidmətlərini daha əlçatan etmək istəyini bu işə gətirəcək.
Hunter Bayden uzun illər ictimai diqqətdən kənarda qalmağa çalışsa da, müxtəlif qalmaqallarla və hüquqi problemlərlə gündəmə gəlib. Onun vergidən yayınma ittihamları ilə üzləşdiyi bildirilir. 2024-cü ildə məhkəmə onu silah saxlama qaydalarının pozulmasında təqsirli bilib. Vəzifədən ayrılarkən prezident Co Bayden 2014-cü il 1 yanvar – 2024-cü il 1 dekabr tarixləri arasında törədilən bütün cinayətlər üzrə oğlunu əfv edən sərəncam imzalayıb.
Hunter Bayden özü də hüquqşünaslara və kreditorlara təxminən 17 milyon dollar borcu olduğunu etiraf edib. Onun hazırkı vəkili bu ilin aprelində bildirib ki, Bayden maliyyə çətinliyi səbəbindən əvvəlki vəkillərinə borclarını ödəyə bilmir və hazırda xaricdə yaşayır.
Onun yeni işindən nə qədər gəlir əldə edəcəyi və işin uzaqdan icra olunub-olunmayacağı, yaxud Kaliforniyaya köçməsinin tələb ediləcəyi hələlik məlum deyil.
Aydın
Şərhlər