
Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Conni Deppin xanımı, aktrisa Ember Hörd məhkəməyə müraciət edərək əri tərəfindən döyüldüyünü bildirib.
Hördün sözlərinə görə, əri son dəfə onu mayın 21-də döyüb.
Ember Hördün dediyinə görə, Depp evdə televizorda basketbola baxanda o, telefonla rəfiqəsi ilə danışırmış. Depp hirslənib, iPhone-u arvadının əlindən alıb. Lakin Ember Hörd rəfiqəsinə "Tez polis çağır, ərim məni döyür!" deməyə macal tapıb.
"Depp sonra evi alt-üst etməyə, əlinə keçəni sındırmağa başladı. Polislər gəldilər, şikayət ərizəsi yazmağımı istədilər. Deppin anası bu yaxınlarda vəfat etdiyi üçün ona yazığım gəldi, polisə şikayətlənmədim. Sadəcə, boşanmaqla işi bitirmək istədim", - Ember Hörd söyləyib.
Conni Deppin vəkili Laura Vasser isə bildirir ki, hadisənin baş verdiyi iddia edilən gün Depp şəhər kənarında, yeni filmin çəkilişlərində olub.
30 yaşlı E.Hörd və onun vəkili Samanta Spektor məhkəməyə məişət zorakılığına dəlalət edən dəlillər təqdim ediblər. Bundan başqa, onlar Conni Deppin Ember Hördə yaxınlaşmasını yasaqlayan "mühafizə orderi" istəyiblər.
Məhkəməyə təqdim olunmuş sənədlər arasında Ember Hördün döyülməsi nəticəsində aldığı travmaların əks olundutu fotolar, habelə döyülmələrdən birinin videosu var.
"Depp mənə susmaq üçün pul təklif etdi. Amma mən bu təklifi rədd etdim", - E.Hörd deyib.
Mayın 23-də Ember Hörd 52 yaşlı Conni Deppdən boşanmaq istədiyini açıqlayıb. Səbəb kimi "münasibətlərdə dəf edilməyəcək ziddiyyətlər" göstərilib. Aktrisa sənədləri hüquqşünaslara Conni Deppin anası, 83 yaşlı Betti Syu Palmerin vəfatından 3 gün sonra təqdim edib.
Depp və Hörd 2015-ci ilin fevralında evləniblər. Toy Los-Ancelesdə olduğundan, Kaliforniya ştatının qanunvericiliyinə görə boşanma zamanı arvad ərinin varidatının yarısını ala bilər.
Fransız müğənni Vanessa Paradi ilə 14 il qeyri-rəsmi nikahda yaşamış Conni Depp 2012-ci ildə Ember Hördlə yaşamağa başlayıb. Onlar 2011-ci ildə, "Roms Diary" filminin çəkilişlərində tanış olmuşdular.
Ekspertlər hesab edirlər ki, Conni Depp və Ember Hörd ailə quranda nikah müqaviləsi imzalamadıqlarından, indi Ember Hörd bu döyülmə iddiası ilə Deppdən mümkün qədər çox pul qoparmağa çalışır.(milli.az)
Qayanrinfo.az








