Xəbər lenti

COP29 ərəfəsində
Ölkə 13:28 01.07.2024

COP29 ərəfəsində "NORDIC TALKS" layihəsi təşkil edilir

Bakıda keçiriləcək COP29 ərəfəsində Kitabıstan və Skandinaviya ölkələrinin səfirlikləri "NORDIC TALKS: Skandinaviya yaşıl modeli” təşəbbüsü ilə çıxış edirlər.

Bu layihə Skandinaviya ölkələrinin bərpaolunan enerjiyə keçid və iqlim dəyişikliyi probleminin həllindəki təcrübələrini təqdim etmək məqsədi daşıyır. Layihə Danimarka, Finlandiya, Norveç və İsveçin Azərbaycandakı səfirliyinin tərəfdaşlığı və Skandinaviya Nazirlər Şurasının dəstəyi ilə həyata keçirilir.

Bu layihə çərçivəsində 26-27 sentyabr tarixlərində Bakıda iki günlük tədbir keçirilməsi nəzərdə tutulub.

Sentyabr ayının 26-da Bakıda Nizami Kino Mərkəzində İsveç, Finlandiya, Norveç və Danimarkadan olan iqlim ekspertlərinin iştirakı ilə Skandinaviya ölkələrinin yaşıl keçid modellərinin təqdim edildiyi konfrans keçiriləcək.

Layihə müddətində ekspertlər barədə məlumat ictimaiyyətlə paylaşılacaq.

Sentyabr ayının 27-də isə Kitabıstanın moderatorluğu ilə 4 Skandinaviya ölkəsinin səfirlərinin panel müzakirəsi təşkil olunacaq. Müzakirənin ardınca səfirlər iştirakçıların suallarını cavablandıracaqlar. Panel müzakirədə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin və media qurumlarının nümayəndələri iştirak edəcəklər.

26 sentyabrda keçiriləcək konfrans ictimaiyyətə açıqdır və iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər: https://nordentalks.com/az/register.
Səfirlərin panel müzakirə tədbiri isə yalnız dəvətlilərə açıq olacaq. Lakin tədbir Kitabıstanın sosial media səhifələrində canlı yayımlanacaq.

Layihə rəhbəri və Kitabıstanın həmtəsisçisi Mələk Hacıyeva layihə haqqında açıqlaması zamanı bildirib ki, Skandinaviya ölkələri iqlim dəyişikliyi ilə mübarizədə dünyada ilk sıralarda yer alır:



"Məlum olduğu kimi, biz "KITABISTAN TALKS” layihəsi ilə dünyanın inkişaf modellərini Azərbaycanda təqdim edirik. Bu gün dünyanın üzləşdiyi ən böyük problemlərdən biri də iqlim dəyişikliyidir. Buna görə "NORDIC TALKS: Skandinaviya yaşıl modeli” layihəsinin həyata keçirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir və onun COP29-un keçiriləcəyi ərəfəyə təsadüf etməsindən çox məmnunuq. Skandinaviya ölkələri yaşıl keçidlə bağlı beynəlxalq indekslərdə ilk sıralardadır. Buna görə də iqlim dəyişikliyi ilə bağlı həllərə dair Skandinaviya yaşıl modelinin Azərbaycanda təqdim edilməsini mühüm hesab edirik. İnanırıq ki, bu iki günlük layihədə təqdim olunan nümunələr, o cümlədən, ekspert konfransları və səfirlərin panel müzakirələri cəmiyyətimiz üçün faydalı olacaq”.

Layihədə tərəfdaş olan Skandinaviya səfirlikləri adından İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson yaşıl keçid sahəsində Skandinaviya ölkələri ilə Azərbaycan arasında faydalı bir mübadilə üçün əlverişli şərait olduğunu vurğulayıb:



"Skandinaviya Nazirlər Şurasının hazırkı fəaliyyət planında yaşıl Skandinaviya regionuna nail olmaq prioritet məsələlərdən biridir. İsveçin Şuraya hazırkı sədrliyi çərçivəsində İsveç Skandinaviya regionunu yaşıl keçiddə liderə, qlobal rəqabətədavamlı və sosial cəhətdən davamlı regiona çevirmək üçün səylərini davam etdirəcək. Bakıda keçirilən COP29 və Azərbaycanın yaşıl keçid istiqamətindəki səyləri fonunda, Bakıda keçirilən "NORDIC TALKS” layihəsi Skandinaviya regionu və Azərbaycan üçün ümumi çağırışlara ümumi həll yolları axtarmaqdan ötrü doğru zamanda fürsət yaradır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->