Xəbər lenti

Çoxqütblü narazılıq: Sanksiyalara qoşulmayan ölkələr belə Rusiyanın işğalını dəstəkləmir
Dünya06:53 04.05.2023

Çoxqütblü narazılıq: Sanksiyalara qoşulmayan ölkələr belə Rusiyanın işğalını dəstəkləmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ukraynaya müdaxiləsi dünya əhalisinin əksəriyyətinin gözündə Moskvanın imicini ləkələyib. Proqnozlaşdırılan kimi, onun siyasəti ən böyük ölçüdə Qərb koalisiyası ölkələrində bəyənilmir. Bununla belə, Rusiya qlobal Cənubun dəstəyinə də ümid etməməlidir - onun hərəkətlərinə kəskin mənfi münasibət həm Latın Amerikasında, həm də Asiya ölkələrinin əhəmiyyətli bir hissəsində müşahidə olunur. Onların Moskvaya qarşı sanksiyalara qoşulmaqdan imtinası o demək deyil ki, onlar Rusiyanın işğalını dəstəkləyirlər. Geniş yayılan təsəvvürlərin əksinə olaraq, dünya ictimai rəyi iki əks düşərgəyə bölünmür. Çinin dünyada populyarlığı Rusiyadan çox da yüksək deyil, ABŞ-a inam getdikcə azalır və Almaniya artıq altıncı ildir ki, siyasəti ilə ən çox "qlobal” bəyənmə qazanan ölkə olaraq qalır.
Qaynarinfo xəbər verir ki, "Gallup”ın son bir ildə apardığı geniş miqyaslı sorğuları bunu deməyə əsas verir.
"Gallup”ın genişmiqyaslı araşdırması 2022-ci il ərzində 137 ölkədə aparılan sorğulara əsaslanır və dünyanın geosiyasi səhnənin əsas oyunçularının: ABŞ, Çin, Almaniya və Rusiyanın liderliyi haqqında təsəvvürünün necə dəyişdiyini öyrənir. Gözlənildiyi kimi, Ukraynaya genişmiqyaslı müdaxilə nəticəsində Rusiya rəhbərliyinin reytinqi kəskin şəkildə aşağı düşüb: 2022-ci ildə Rusiyanı bəyənməmə səviyyəsi orta hesabla 57% təşkil edib (2021-ci ildə 38%-ə qarşı). 2008-2011-ci illərdə sorğuda iştirak edənlərin təqribən 30%-i Rusiyanın beynəlxalq aləmdə liderliyini bəyənmiş və ya bəyənməmiş, 2014-cü ildə bəyənənlərin payı 22%-ə enmiş, sonra isə davamlı olaraq artmağa başlamış və 2020-ci ildə maksimum 34%-ə çatmışdır. 2022-ci ildə bəyənənlərin payı 2014-cü ilin "Krım” səviyyəsinə qayıdıb (21%).
Rusiyaya qarşı ən yüksək reytinqlər, gözlənildiyi kimi, Qərb koalisiyası ölkələrində (ABŞ, Kanada, Polşa) və Ukraynada (90%-dən çoxu bəyənmir) qeyd olunur. Rusiya rəhbərliyinə qarşı narazılıq ən çox 2022-ci ildə Litvada (2021-ci ildəki 44%-dən 91%-ə), Tayvanda (26%-dən 72%-ə) və Rumıniyada (37%-dən 79%-ə qədər) artıb. Son dərəcə mühüm dəyişiklik -  əsas qonşusu və keçmiş müttəfiqi Qazaxıstanın ictimai rəyində Rusiya hakimiyyətinin bəyənmə səviyyəsinin kəskin azalmasıdır.: 2021-ci ildəki 55%-dən 2022-ci ildə 29%-ə qədər (Rusiya hakimiyyətinin bəyənməmə səviyyəsi il ərzində 20%-dən 50%-ə yüksəlib. 
Dünyanın regionları arasında bəyənilməməyə doğru ən dramatik dəyişiklik Latın Amerikasında baş verib. Bu regionda Rusiyaya qarşı sanksiyalara yalnız Kosta-Rika qoşulsa da, oradakı Rusiya rəhbərliyindən narazılıq 2021-ci ildəki 31%-dən 2022-ci ildə 61%-ə yüksəlib, bəyənmə isə 37%-dən 16%-ə düşüb. Rəyi soruşulanların 75%-i Braziliyada, 68%-i Argentinada Rusiyanı bəyənmir. Asiyada Rusiyanı ən çox tənqid edənlər Türkiyə, İraq, Pakistan və Əfqanıstan sakinləridir (59-65% bəyənmir). İran, Hindistan və İndoneziyada 46% Rusiyanı bəyənmir, rəyi soruşulanların təxminən dörddə biri isə onu bəyənir. Bu rəqəmlərdən də göründüyü kimi, Rusiya qlobal Cənub ölkələri arasında liderlik iddialarının uğuruna ümid edə bilməz. Onların Moskvaya qarşı sanksiyalara qoşulmaqdan imtinası o demək deyil ki, onlar Rusiyanın işğalını dəstəkləyirlər.
Rusiyanın başlatdığı müharibədən ən az narazılıq Saharadan cənubda olan Afrikada nəzərə çarpır. Amma burada da Rusiya liderlərinin bəyənmə reytinqi 2021-ci ildəki 45%-dən 2022-ci ildə 35%-ə düşüb.
Rusiyaya qarşı nisbətən mehriban mövqe tutmasına baxmayaraq, Çinin dünyada bəyənmə reytinqi demək olar ki, dəyişməz olaraq 28% səviyyəsində qalıb. Ümumiyyətlə, narazılıq səviyyəsinə görə Pekin Moskvadan sonra ikinci yerdədir, lakin Çinə münasibət regiondan-regiona əhəmiyyətli dərəcədə fərqlənir. Əgər Çinin siyasətindən Avropada 65%, Amerika qitəsində isə 48%, Asiyada isə artıq 45% narazıdırsa, bu, regionda həm ABŞ (40%), həm də Rusiyanın (52%) fəaliyyətinin bəyənilməmə səviyyəsi ilə müqayisə edilə bilər. Beləliklə, Çinin qlobal liderlik iddiaları da hələlik əsassız görünür.
Vaşinqton 2021-ci ilin avqustunda Əfqanıstandan qoşunların çıxarılmasını başa vurduqdan sonra ABŞ rəhbərliyinin hərəkətlərinin qlobal bəyənmə səviyyəsinin azalması davam edir və 41%-ə çatır. ABŞ-ın bəyənmə reytinqi Yunanıstan (31%), Braziliya (22%), Kanada (22%) və Niderland (21%) daxil olmaqla, Avropa və Amerikadakı əsas strateji tərəfdaşları arasında ən azı 21 faiz bəndi azalıb. Eyni zamanda, ABŞ-ın reytinqi bir sıra ölkələrdə kəskin şəkildə yüksəlib: Polşada 30 bənd, Ukraynada 29, İsraildə 15, Hindistanda isə 11 bənd artaraq rekord səviyyəyə çatıb. Dünyanın 42 ölkəsində ABŞ rəhbərliyi hələ də əhalinin əksəriyyətinin dəstəyini qazana bilir. 
Araşdırmaya görə, bütün dünyada insanların əksəriyyəti Almaniya rəhbərliyinin hərəkətlərini bəyənir. Almaniya 2022-ci ildə dünya üzrə 46% orta bəyənmə reytinqi ilə ardıcıl altıncı ildir ki, dünyanın ən yüksək reytinqli gücü olaraq qalır. Bu, bir il əvvəlkindən bir qədər azdır, lakin kansler Olaf Şoltsun vəzifədə olduğu ilk ilin reytinqi hələ də Angela Merkelin vəzifədə olduğu dövrdəki reytinqlərinin əksəriyyətindən yüksəkdir. Berlin Avropada (56%) və Asiyada (39%) ən yüksək bəyənmə nisbətinə malikdir. Asiyada müsbət reytinqə malik dörd ölkədən yeganə Almaniyadır ki, onu bəyənənlərin payı bəyənməyənlərin payından (31%) çoxdur. Amerika qitəsində 29% bəyənmə reytinqi ilə Almaniya ABŞ-dan (36%) geri qalır.
Nizami Bağırov