Xəbər lenti

Dünya 17:59 16.04.2024

"Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"

Rusiya İstintaq Komitəsi "Crocus"un bütün əcnəbi işçilərini terror aktında iştirakına görə yoxlayır. Əsasən Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistan vətəndaşları yoxlanılır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Baza" yazır.

Teleqram kanalın məlumatına görə, İstintaq Komitəsinin rəhbərliyi müstəntiqlərə terror aktı ilə bağlı cinayət işi üzrə "Crocus”un bütün əcnəbi əməkdaşlarının yenidən dindirilməsi barədə göstəriş verib. Müstəntiqlər bu əməkdaşların Rusiyaya nə vaxt gəlməsi və hansı şəraitdə "Crocus City Hall”a işə düzəldiklərini öyrənməlidirlər.

İlk dindirmə zamanı məlum olub ki, "Crocus”un bir çox əcnəbi işçisi Rusiyada qeyri-qanuni ola bilər və onlar miqrasiya qanunvericiliyini pozaraq sənədlər alıblar. Buna görə də, müstəntiqlər əməkdaşların patentləri nə vaxt, harada və necə aldığını, hansı məmurun verdiyini, sınaqdan keçənlərin harada və nə vaxt rus dili və Rusiya tarixindən imtahan verdiyini öyrənəcəklər.

Ümumilikdə, mənbələrin məlumatına görə, "Crocus”un 25 əcnəbi əməkdaşının terror aktında iştirakı yoxlanılacaq.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, bu gün səhər saatlarında istintaq "Crocus City Hall”da baş verən terror aktının birbaşa icraçıları ilə ukraynalı millətçilər arasında əlaqəni təsdiqləyib və prosessual olaraq müəyyən edib.

Xatırladaq ki, Moskva yaxınlığındakı "Crocus City Hall” binasına hücum martın 22-də baş verib. Bir qrup silahlı şəxs konsert zalında tamaşaçılara atəş açıb, daha sonra binada yanğın başlayıb. 144 nəfər həlak olub, 550-dən çox insan yaralanıb. Hücuma görə məsuliyyəti "İslam Dövləti” terror təşkilatı öz üzərinə götürüb. ABŞ kəşfiyyatının, eləcə də İranın xüsusi xidmət orqanlarının məlumatına görə, terror aktının arxasında qruplaşmanın Əfqanıstan qolu "Vilayəti Xorasan” dayanır.

Məlumdur ki, Rusiyada 12 nəfər, o cümlədən dördü hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, onların dördü də xarici ölkə vətəndaşıdır.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?