XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Cudi Fosterin adını daşıyan ilan xərçəngdən müalicə olundu - Dünyada ilk
Dünya19:00 21.08.2026

Cudi Fosterin adını daşıyan ilan xərçəngdən müalicə olundu - Dünyada ilk

İngiltərədə Hollivud aktrisası Cudi Fosterin şərəfinə adlandırılan piton dünyada ilanlar arasında ilk dəfə elektro-kimyaterapiya üsulu ilə xərçəngdən müalicə edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Çester zooparkında saxlanılan dişi torlu piton bundan əvvəl bədxassəli fibrosarkomanın çıxarılması üçün əməliyyat olunub. Lakin şiş yenidən yaranıb və ilanın çənə sümüyünü zədələməyə başlayıb.

Zooparkın baytar həkimi İan Eşpolun sözlərinə görə, şiş səbəbindən ilanın qidalanması getdikcə çətinləşib və onun sağ qalması sual altında olub. Zoopark əməkdaşları Liverpul Universitetinin onkoloqları ilə birlikdə Cudinin elektro-kimyaterapiya üsulu ilə müalicəsinə qərar veriblər.

İlanın uzunluğu 4,5 metr olduğundan əməliyyat zamanı iki cərrahiyyə masasını birləşdirmək lazım gəlib. Həkim sürünənə narkoz verərək şiş kütləsini və zədələnmiş çənə sümüyünün bir hissəsini çıxarıb. Daha sonra qalan xərçəng hüceyrələrinin məhv edilməsi məqsədilə elektro-kimyaterapiya tətbiq olunub.

Müalicə şiş nahiyəsinə birbaşa xərçəng əleyhinə preparatın yeridilməsini və həmin bölgəyə diqqətlə nəzarət edilən elektrik impulsları seriyasının verilməsini nəzərdə tutur.

Müalicənin nəticələri həkimləri sevindirib.

"Onun əvvəlki həyat şənliyinə qayıtdığını görmək inanılmaz dərəcədə xoş idi. Bir neçə ay əvvəl onun sağ qalıb-qalmayacağını bilmirdik. İndi o, normal qidalanır, yaşadığı mühiti araşdırır və ümid etdiyimiz kimi davranır", deyə Eşpol bildirib.

Zooparkın məlumatına görə, çənə sümüyünün bir hissəsini itirməsinə baxmayaraq, Cudinin iştahı və ovçuluq qabiliyyəti zərər görməyib. Hazırda onda xərçəngin yenidən yaranmasına dair heç bir əlamət yoxdur.

Aydın