
İranda tanınmış azərbaycanlı fəal həbs edilib.
APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Mehrdad Kərəmi 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz mərkəzi həbsxanasına salınıb. Təbriz Universitetinin tələbəsi olan azərbaycanlı fəal 2011-ci il dekabrın 24-də universitetə gedərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. M. Kərəmi Təbriz İnqilab Məhkəməsinin qərarı ilə hakimiyyət əleyhinə təbliğatda günahlandırılaraq 1 il azadlıqdan məhrum edilib. Ancaq həbs cəzasının 6 ayı 4 il müddətinə təxirə salınıb. Azərbaycanlı fəal 2012-ci il mayın 28-də, yəni 5 ay 6 günlük həbsdən sonra 20 milyon tümən zəmanətlə azadlığa buraxılmışdı.
Qeyd edək ki, M. Kərəmi milli-mədəni fəaliyyətlərinə görə bundan öncə də dəfələrlə həbsə alınıb və müxtəlif təzyiqlərə məruz qalıb.