Danimarkanın sağçı müxalifətinin iki lideri – "Yeni sağçılar” partiyasından Pernille Vermund və Danimarka Xalq Partiyasından Morten Messerşmidt hökumətin səfirliklər qarşısında Quran yandırılmasını qadağan etmək niyyətinə mane olacaq referendum keçirmək niyyətində olduqlarını bəyan ediblər.
Qaynarinfo xəbər verir ki, onlar bu barədə Berlingske-yə müsahibəsində
bildiriblər.
Danimarkada Quranın yandırılmasına qadağa qoyulmasının qarşısını almaq üçün sağçı müxalifət Danimarka konstitusiyasının parlament üzvlərinin üçdə birinin tələbi ilə qəbul edildikdən sonra referenduma göndərilməsinə icazə verən 42(1) bəndindən istifadə etmək istəyir.
"Berlinqske”nin qeyd etdiyi kimi, bu, Danimarka əsas qanununun praktiki olaraq tətbiq edilməyən "nadir və xüsusi” maddəsidir.
"Söhbət təkcə Rasmus Paludandan (Danimarkada Quranın yandırılmasının təşkilatçısı - red.) və Quranın yandırılmasından deyil, Qərbin bütün əsasından gedir. Qərb mədəniyyətinin əsası ondan ibarətdir ki, dini tənqid etmək olar”, - Messerşmidt müsahibəsində izah edir.
Eyni zamanda, nəşr əlavə edir ki, Danimarka Xalq Partiyası və "Yeni sağçılar” referendumun keçirilməsi üçün lazım olan yerlərin yalnız altıda birinə sahibdirlər. Digər üç müxalifət partiyası isə bu tələbi dəstəkləmir.
Xatırladaq ki, bundan əvvəl Danimarka Xarici İşlər Nazirliyi təhlükəsizlik və diplomatik səbəblərə görə Quran və ya digər dini mətnlərin yandırıldığı etiraz aksiyalarının qadağan edilməsinin mümkünlüyünü bəyan edib. Oxşar qadağa İsveç hakimiyyət orqanları tərəfindən nəzərdən keçirilir.
Nizami Bağırov