Danimarka ölkədə son vaxtlar Quran yandırılması ilə əlaqədar sərhəd nəzarətini gücləndirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat
yayıb.
Açıqlamaya görə, Danimarka Milli Polisi Ədliyyə Nazirliyinə məlumat verib ki, Danimarka Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (PET) tövsiyəsi əsasında 2023-cü il avqustun 3-dən daxili sərhədlərdə tədbirlərin müvəqqəti artırılmasını zəruri hesab edib.
Gücləndirilmiş sərhəd tədbirlərinin 2023-cü il avqustun 10-dək davam edəcəyi gözlənilir. PET-in qeyd etdiyi kimi, bu yaxınlarda Quranın yandırılması ölkədəki təhdidlərin hazırkı mənzərəsinə təsir edib.
Ədliyyə naziri Peter Hummelqaardın sözlərinə görə, "hakimiyyət təhlükəsizlik səbəbi ilə Danimarka sərhədlərində polisin səylərini gücləndirməyi məhdud müddətə zəruri hesab edib”.
"Məncə, sərhəddə gücləndirilmiş tədbirlər vəziyyətin ciddiliyini bir daha vurğulayır. Hökumət və hakimiyyət hadisələri çox diqqətlə izləyir", - rəsmi yekunlaşdırıb.
Daha əvvəl bildirilmişdi ki, Danimarka hökuməti İsveçin ardınca Quranın yandırılması ilə bağlı aksiyalar fonunda sərhəd nəzarətini gücləndirməyi nəzərdən keçirir.
Bundan əvvəl Danimarka hökuməti Quranın və ya digər müqəddəs kitabların yandırılması ilə hərəkətləri qadağan etməyin qanuni yollarını öyrənəcəklərini açıqlayıb.
Nizami Bağırov