Amerika Birləşmiş Ştatlarının ordusu ilk yerüstü hipersəs raket sistemi olan Dark Eagle-ın yerləşdirilməsində növbəti gecikməni rəsmən etiraf edib.
Qaynarinfo xəbər verir ki, "Bloomberg”in amerikalı hərbçilərin bəyanatına
istinadən yaydığı məlumata görə, kompleksi istismar etmək üçün nəzərdə tutulmuş bölmənin artıq təlim keçməsinə və hazır hesab olunmasına baxmayaraq, raketin özü 2026-cı ilin əvvəlindən tez döyüş növbətçiliyinə daxil edilməyəcək.
Üçüncü pozulmuş müddət
2018-ci ildən bəri hazırlanan və 12 milyard dollardan çox maliyyə vəsaiti alan LRHW (Long-Range Hypersonic Weapon) uzaqmənzilli hipersəs silahı proqramı 2025-ci ilin sonuna qədər yerləşdirilməli idi. Lakin bu müddətə əməl olunmadı – artıq üçüncü dəfə.
Əvvəllər ABŞ ordusu 2023 və 2024-cü illərdəki son tarixləri də yerinə yetirə bilməmişdi. Hazırkı gecikməni hərbçilər sistemin inteqrasiyası, təhlükəsizliyi və döyüşə hazırlığının yoxlanılması prosedurlarının tamamlanması zərurəti ilə izah edirlər. "Biz sistemin əməliyyat şəraitində effektiv tətbiqini təmin etmək üçün diqqətimizi diqqətli sınaqlara, təlimlərə və sistemin yetkinləşməsinə yönəltmişik", - deyə ABŞ ordusundan bildirilib.
"Dark Eagle" nədir?
"Dark Eagle" – ABŞ-ın 10,4 milyard dollar dəyərində olan hipersəs silahı proqramının əsas elementidir. Sistem hipersəs sürəti ilə hərəkət edən planlaşdırıcı döyüş bloku vasitəsilə böyük məsafələrə adi silahlarla zərbə endirmək üçün nəzərdə tutulub.
Buraxılış qurğuları və köməkçi infrastruktur artıq yerləşdirilib, lakin "Bloomberg”in məlumatına görə, raketin özü hələ operativ istifadəyə hazır deyil. Dekabrın 17-də ABŞ ordusu ilk "Dark Eagle" batareyasının aktivləşdirildiyini elan edərək, bunu "döyüş imkanlarının əhəmiyyətli dərəcədə gücləndirilməsi" adlandırıb. Eyni zamanda, o vaxt sistem üçün raketlərin faktiki olaraq yerləşdirilməyə hazır olmadığı barədə məlumat verilməmişdi.
ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin (GAO) qiymətləndirmələrinə görə, raketlərlə birlikdə ilk batareyanın dəyəri təxminən 2,7 milyard dollar təşkil edir. Proqramın əsas podratçısı Lockheed Martin şirkətidir.
ABŞ üçün strateji problem
Gecikmə Çin və Rusiyanın hipersəs silahlarını aktiv şəkildə inkişaf etdirməsi fonunda baş verir. Hər iki ölkənin artıq yerləşdirilmiş hipersəs sistemləri var, Rusiya isə Ukraynaya qarşı müharibə zamanı bu silahlardan istifadə edib.
Hipersəs raketləri saatda 6 100 km-dən çox sürət yığmağa və ballistik raketlərdən daha aşağı yüksəkliklərdə uçmağa qadirdir ki, bu da onların HHM sistemləri tərəfindən vurulmasını əhəmiyyətli dərəcədə çətinləşdirir.
"Bloomberg” analitikləri yerləşdirilmiş hipersəs silahının olmamasını ABŞ-ın hərbi imkanlarında "təşviş doğuran boşluq" adlandırırlar. "Dark Eagle"ilə bağlı gecikmə ABŞ-ın yeni müdafiə naziri Pit Heqset üçün ilk ciddi sınaqlardan biri oldu. O, yeni silah sistemlərinin çatdırılmasının sürətləndirilməsinin və onun sözlərinə görə, çox ləng və ehtiyatlı olan satınalma sisteminə yenidən baxılmasının zəruriliyini açıq şəkildə vurğulayıb. Dekabr ayında Heqset Hantsvilldəki (Alabama ştatı) hərbi obyektlərə baş çəkib və orada batareyanın aktivləşdirilməsinin rəsmi elanından bir neçə gün əvvəl ona "Dark Eagle"buraxılış qurğusu nümayiş etdirilib.
Gecikmələrlə yanaşı, sistemin real döyüş qabiliyyəti ilə bağlı şübhələr də qalmaqdadır. Pentaqonun Sınaq Mərkəzi əvvəllər bildirmişdi ki, Dark Eagle-ın tam əməliyyat qiymətləndirilməsi hələ aparılmayıb, onun effektivliyi, sağqalma qabiliyyəti və öldürücülüyü barədə məlumatlar isə mövcud deyil.
"Dark Eagle" proqramı ABŞ-ın qoşun növlərindən birinin silahlanmasına daxil olacaq ilk hipersəs sistemi olmalıdır. Məhz buna görə də onun tərəqqisi Pentaqon və Konqresin yaxından diqqət mərkəzindədir.
Xatırladaq ki, 2025-ci ilin sonunda ABŞ Prezidenti Donald Tramp hələ İkinci Dünya Müharibəsi dövründə mənəvi cəhətdən köhnəlmiş sayılan və artıq bütün dünyada silahlanmadan çıxarılan linkorların — iri hərbi gəmilərin tikintisinin bərpasını anons edib. Üstəlik, o, yeni seriyanı öz şərəfinə — "Trump” adlandırmaq qərarına gəlib. Hərbi analitiklərin və silah üzrə ekspertlərin fikrincə, bu qərar ABŞ-ın düşmənlərinin xeyrinə işləyəcək strateji səhvdir.
Alpər
Şərhlər