Xəbər lenti

DÇ-2026-da gərginlik: İngiltərədən qisas istəyi, Argentinadan Folklend etirazı
İdman 12:55 13.07.2026

DÇ-2026-da gərginlik: İngiltərədən qisas istəyi, Argentinadan Folklend etirazı

Dünya çempionatının İngiltərə - Argentina yarımfinalı ərəfəsində Folklend adaları (Argentinada Malvin adaları adlandırılır) ətrafında siyasi gərginlik yenidən gündəmə gəlib. 

Qaynarinfo xəbər verir ki, Argentinanın xarici işlər naziri Pablo Kirno adalar üzərində ölkəsinin suverenlik iddiasını bir daha səsləndirərək Böyük Britaniyaya sərt mesajlar ünvanlayıb.

Kirno "La Nacion” qəzetində dərc olunan məqaləsində Böyük Britaniyanın Folklend adalarındakı mövcudluğunu "qanunsuz işğal” adlandırıb:

"Vaxt qanunsuz işğalı suverenliyə çevirmir. Bu, Argentina Respublikasının ərazi bütövlüyünü də dəyişmir. Biz öz hüquqi iddiamızdan heç vaxt imtina etməyəcəyik. Folklend adaları tariximiz, torpağımız, dənizimiz, yaddaşımız və taleyimizdir".



Kirno 2013-cü ildə adalarda keçirilmiş və seçicilərin 99,8 faizinin Böyük Britaniyanın tərkibində qalmağa səs verdiyi referendumu da tanımadığını açıqlayıb. Onun sözlərinə görə, Böyük Britaniyanın birtərəfli qaydada təşkil etdiyi heç bir referendum hüquqi qüvvəyə malik deyil.

Böyük Britaniyadan cavab

Böyük Britaniyada müxalifətin xarici işlər üzrə nümayəndəsi Priti Patel Argentina rəsmisinin açıqlamalarına reaksiya verərək Folklend adaları sakinlərinin "qürurla britaniyalı” olduqlarını bildirib. O, sosial şəbəkədə paylaşdığı açıqlamada Argentinanın son bəyanatlarını "yanlış və təhqiramiz” adlandırıb:

"Folklend adaları sakinlərinin öz müqəddəratını təyin etmək hüququ müzakirə mövzusu deyil. Buenos Ayresdən səslənən revizionist bəyanatlar bunu dəyişdirə bilməz. Böyük Britaniya hər zaman Folklend adaları sakinlərinin yanında olacaq".

Argentina Prezidenti Xavyer Miley də daha əvvəl Malvin adalarının keçmişdə də, indi də, gələcəkdə də Argentinaya məxsus olacağını bəyan etmişdi.

Yarımfinal öncəsi emosiyalar yüksəlir

Argentina millisinin futbolçuları İsveçrəni məğlub edərək yarımfinala yüksəldikdən sonra səsləndirdikləri şüarda "Malvin adaları üçün, Dieqo Maradona üçün, Lionel Messinin son turniri üçün” ifadələrini işlədiblər.

ABŞ-ın Atlanta şəhərində keçiriləcək İngiltərə – Argentina qarşılaşması ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Sosial şəbəkələrdə hər iki komandanın azarkeşləri arasında kiçik gərginliklərin yaşandığını əks etdirən görüntülər də yayılıb.

Folklend adaları uğrunda 1982-ci ildə baş vermiş müharibədə 649 argentinalı və 255 britaniyalı hərbçi həlak olub. Bu münaqişə iki ölkə arasındakı futbol rəqabətinin əsas simvollarından biri hesab olunur.



1986-cı il dünya çempionatının Argentina–İngiltərə 1/4 final oyunu isə futbol tarixinin ən yaddaqalan qarşılaşmalarından biri sayılır. Dieqo Maradonanın əli ilə vurduğu məşhur qol və cəmi dörd dəqiqə sonra altı rəqibi keçərək vurduğu, FIFA tərəfindən "Əsrin qolu” adlandırılan qol bu qarşılaşmanı futbol tarixində əbədiləşdirib.

Britaniya mediasının yazdığına görə, İngiltərə millisi builki yarımfinal görüşünü həmin məğlubiyyətin rəmzi revanşı kimi qiymətləndirir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->