Xəbər lenti

“Dəhliz diplomatiyası”: Bakı uğurlu gedişlər edir
Siyasət09:57 20.02.2023

“Dəhliz diplomatiyası”: Bakı uğurlu gedişlər edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılarsa, bu həm "blokada” mifini aradan qaldıracaq, həm də kommunikasiyaların açılma prosesinə təkan verəcək”.
Bunu Qaynarinfo-ya  açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması barədə təklifini şərh edərkən deyib. 
"Buraxılış məntəqəsi təklifi Azərbaycanın təşəbbüsüdür. Təklif hər iki istiqamət, həm Laçın dəhlizinə giriş-çıxış, həm də Zəngəzur dəhlizini əhatə edir. Bakının bu təşəbbüsü 2021-ci ilin dekabrında ilk dəfə Brüsseldə səslənən "ölkələrin suverenliyinin nəqliyyat dəhlizlərinə tədqiq edilməsi” prinsipinə uyğundur. Belə olan halda həm də "blokada” mifi aradan qaldırılır. İkinci bir tərəfdən, təklif kommunikasiyaların açılma prosesinə təkan verir”, deyə Fərhad Məmmədov bildirib.
Ekspertin fikrincə, belə bir təklifin gündəmə gətirilməsi Azərbaycan diplomatiyasının uğurudur:
"ABŞ Dövlət Departamenti mətbuat xidmətinin məlumatında Qarabağda baş verən böhranlı vəziyyətin aradan qaldırılması ilə yanaşı, kommunikasiyaların açılma məsələsi də paralel olaraq qeyd olunur. Bu iki məsələnin Vaşinqton tərəfindən qeyd edilməsi Azərbaycan diplomatiyasının uğurudur”. 
Fərhad Məmmədov qeyd edir ki, Ermənistan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə düşünürsə, onda verilən təklif onlar üçün də məqbul sayılmalıdır:
"Çünki İrəvan Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Azərbaycan isə bu təkliflə Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin bu ölkənin ərazisi olduğunu faktiki olaraq təsdiqləyir. Hər iki istiqamətdə nəzarət-buraxılış məntəqələrinin qurulması Ermənistan tərəfindən hər hansısa bir maneə ilə qarşılanmamalıdır. Belə bir maneə olsa, deməli, bu, süni maneə olacaq və prosesin uzanmasına xidmət edəcək”. 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. Bu təklifə görə, ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri Ermənistan-Azərbaycan sərhədində yaradılmalıdır. Azərbaycan Prezidentinin sözlərinə  görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib, Münhendə isə rəsmən təqdim olunub. Hələlik rəsmi İrəvan təklifə hər hansı bir  reaksiya verməyib. Paşinyan Münhendə İlham Əliyevin bu təklifinə münasibət bildirməyib. 
Rüfət Sultan