Çində COVID-19 epidemiyası tüğyan etməkdə davam edir, yoluxma görünməmiş miqyasdadır. Dekabrın ilk 20 günündə sərt "covid" məhdudiyyətlərinin götürülməsindən sonra Çində 248 milyon insan koronavirusa yoluxub. Bu, əhalinin təxminən 18%-ni təşkil edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg Çin Milli Səhiyyə Komissiyasının çərşənbə günü, dekabrın 21-də qapalı iclasında təqdim olunan iclasının protokollarına istinadən
yazır.
Bu həftə, dekabrın 20-də bir gündə virusa yoluxanların sayına görə yeni antirekord qeydə alınıb - 37 milyon nəfər. Bu, pandemiyanın bütün dövrü üçün görünməmiş bir rəqəmdir. Xəstəliklərin əvvəlki maksimum artımı 2022-ci ilin yanvarında, gündə 4 milyon insanın yoluxduğu vaxt qeydə alınıb.
Rəqəmlər Çin hakimiyyətinin açıqladığı rəsmi məlumatlardan çox fərqlidir. Dekabrın 21-də hökumət dekabrın əvvəlindən bəri 2996 yoluxma və yalnız 10 ölüm hadisəsi olduğunu bildirib.
Bundan əlavə, dekabr ayından bəri Çin ÜST-ə məlumat verməyib - ölkə COVID-19 ilə xəstəxanaya yerləşdirmə ilə bağlı məlumatların göndərilməsini dayandırıb.
Virus koronavirusla bağlı məhdudiyyətlərin bir hissəsinin götürülməsi fonunda yayılır. Pandemiyanın başlanmasından bəri bütün üç il ərzində Çində "sıfır tolerantlıq” deyilən ciddi karantin hökm sürür. İnsanlar aylarla mənzillərində oturmağa məcbur olublar. Bəzi şəhərlərdə polis çoxmənzilli binaların çıxışlarını bağlayıb.
Noyabrın sonunda davam edən karantindən bezmiş Çin sakinləri 30 ildən sonra ilk dəfə "sıfır tolerantlıq” siyasətinə qarşı kütləvi etiraz aksiyası keçiriblər. Nümayişlər Nankin, Uhan, Quançjou, Pekin, Şanxay kimi böyük şəhərlərə yayılıb.
Nəticədə hakimiyyət güzəştə getdi: bir sıra karantin tədbirlərini yumşaltdılar. Bəzi xəstələrin mərkəzləşdirilmiş düşərgələrə göndərilmək əvəzinə, evdə karantində müalicə olunmasına icazə verildi. Səlahiyyətlilər, əksər ictimai yerlərə girmək üçün test tələblərini də aradan qaldırdılar.
Covid məhdudiyyətlərinin yumşaldılması, gözlənildiyi kimi, virusun maneəsiz yayılmasına səbəb oldu. Çində karantin səbəbiylə kollektiv immunitet əsasən vaksinlər vasitəsilə inkişaf etdirildi. Göründüyü kimi, Çin vaksinləri yeni ştammlara qarşı effektsiz olurlar.
Omicron təbii immuniteti aşağı olan sakinlər arasında demək olar ki, maneəsiz yayılıb. Xəstəxanalar bu sayda xəstə axının qarşısında acizdirlər.
Nizami Bağırov