Dünya 15:05 12.07.2022

Diaspor Ukraynada azərbaycanlı qəhrəmanın evini təmir etdi (FOTOLAR)

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Kiyev vilayəti İrpin şəhərinə səfəri zamanı 2014-cü ildə Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş  İlqar Bağırovun həyat yoldaşı Tetyana Bağırovaya  baş çəkib. 

H.Cavadov bildirib ki, İrpin şəhəri atəşə tutularkən İlqar Bağırovun ziyan dəymiş mənzilinin təmirinə dəstək olublar: 

"Təmir işləri artıq başa çatıb. Azərbaycanlılar üçün dəyərli olan mərhum kapitan İlqar Bağırovun ailəsinə dəstək olmaq bizim üçün şərəf məsələsidir. Biz həmişə onlara arxa duracaq, hərtərəfli yardım göstərəcəyik”. 
Diaspor sədrinin sözlərinə görə şəhidin evinin təmiri UABD-nin İrpen şəhərindəki nümayəndəsi Akif Dadaşovun iştirakı ilə həyata keçirilmişdir.

UABD sədri həmçinin İrpin şəhərində müharibədən ziyan çəkmiş "Pçelka” uşaq bağçasının da təmirinə başlanacağını qeyd edib.

"Bu günlərdə Ukraynaya səfərim zamanı keçirilən görüşdə şəhər meri tərəfindən həmin bağçasının da bərpasına kömək göstərmələrinə dair müraciət olunmuşdu". 

Xatırladaq ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlığa, hərbi anda sədaqətə görə İlqar Bağırov 2015-ci il, 11 yanvar tarixli qərarla ölümündən sonra 3-cü dərəcəli "Şücaətə görə” ordenilə təltif olunub.

Həmçinin İrpin İqtisad Kollecində 2015-ci ilin 23 dekabr tarixixndə İlqar Bağırovun şərəfinə xatirə lövhəsinin açılışı olub.