Xəbər lenti

Diktatorun cəzası ləğv edilə bilər
Dünya11:32 13.04.2013

Diktatorun cəzası ləğv edilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hakim sabiq prezidentin işinə baxmaqdan imtina edib və yeni hakimin seçilməsini təklif edib

Bu gün Misirdə sabiq prezident Hüsnü Mübarəkə qarşı yeni məhkəmə prosesi başlayıb. Korrupsiya və kütləvi nümayiş iştirakçılarının öldürülməsinə göstəriş verməklə bağlı ittihamlara yenidən baxılacaq. İlk iclasda 84 yaşlı Mübarək, onun oğulları Əlaa və Qamal da iştirak edib. Sabiq prezident məhkəmə zalına əlil arabasında gətirilib. Lakin iclas başladıqdan qısa müddət sonra yarımçıq kəsilib. Belə ki, hakim Mustafa Həssən işə baxmaqdan imtina edib və işə baxılması üçün yeni hakimin seçilməsini təklif edib. Növbəti iclasın nə vaxt keçiriləcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, hazırda Hüsnü Mübarək Qahirədə hərbi hospitalda müalicə alır. O, səhhətinin pisləşməsi ilə əlaqədar hospitala köçürülüb.

Xatırladaq ki, ötən ilin iyununda Hüsnü Mübarək 2011-ci ildə anti-hökumət nümayişləri iştirakçılarının ölümünə səbəb olma maddəsi ilə təqsirli bilinərək, ömürlük həbs cəzası almışdı. Mübarəklə birlikdə eyni maddə ilə Misirin sabiq baş naziri Həbib Ədli də ömürlük həbs cəzasına məhkum edilmişdi. Hüsnü Mübarək özünü təqsirli bilməsə də, məhkəmə 2 il əvvəl onun devrilməsinə gətirib çıxaran nümayişlərin yüzlərlə iştirakçısının ölümünün qarşısını almamaqda təqsirli bilmişdi.

Hüsnü Mübarəkin vəkillərinin prosessual qayda pozuntuları ilə əlaqədar apellyasiya müraciətindən sonra məhkəmə sabiq prezidentin işinə yenidən baxılmasına qərar verib. Hətta Hüsnü Mübarəkin ömürlük həbs cəzasının ləğv edilməsi kimi ehtimallar da səsləndirilir.

Qaynar.info