Xəbər lenti

Diplomat yoxsa casus ordusu? - Rusiyalılar Şimali Avropanı ələ alır
Dünya 17:59 26.04.2023

Diplomat yoxsa casus ordusu? - Rusiyalılar Şimali Avropanı ələ alır

Bir sıra Skandinaviya ölkələrinin yayımçılarının jurnalistləri müəyyən ediblər ki, Rusiyanın bölgədəki diplomatik nümayəndəliklərinin çox saylı diplomatları gizli casuslar ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Finlandiyanın "Yle” telekanalının materialında deyilir.

Layihə üzərində Mixail Xodorkovskinin təsis etdiyi "Dosye” mərkəzi ilə əməkdaşlıq çərçivəsində Norveçin NRK, İsveçin SVT, Danimarkanın DR kanalları işləyib.
Jurnalistlər açıq-aşkar Xarici kəşfiyyat xidmətinin, QRU və ya FSB-nin əməkdaşları olan, lakin diplomatik missiyaların işçiləri kimi çalışdıqları onlarla adam müəyyən ediblər. Kəşfiyyat mənbələri bildiriblər ki, onlar adətən kiçik vəzifələrə təyin olunurlar, diplomatik missiyalardakı əsas şəxslər isə nadir hallarda gizli casus ola bilirlər.

Yle jurnalistləri üç belə rusiyalını müəyyən ediblər. Onların arasında Xarici Kəşfiyyat Xidmətinin ehtimal olunan əməkdaşı, əvvəlcə Rusiyanın Helsinkidəki səfirliyində işləmiş, sonra Kopenhagenə köçürülmüş və 2022-ci ilin yazında oradan qovulmuş Dmitri Otoroçkin də var. "VKontakte” sosial şəbəkəsində onun müxtəlif adları və yaşayış yerləri, lakin onu tanımağı asanlaşdıran fotoşəkilləri olan üç səhifəsi var. 

Daha iki casus Helsinkidəki səfirlikdə işləyən 60 yaşlı Vladimir Komarov və 37 yaşlı Dmitri Dvinyaninovdur. Onlar QRU-nun əməkdaşlarıdır. Onlar 2022-ci ilin yazında qovulublar.

Finlandiya Polisi hesab edir ki, Rusiya səfirliyinin diplomatlarının üçdə biri qədəri gizli casus ola bilər. Adının açıqlanmasını istəməyən məmurlardan biri belə "diplomatlar” Finlandiyada rusiyalılarla casusluq məqsədilə əlaqə saxlamağa cəhd edən zaman Finlandiya xidmətlərinin bir neçə dəfə müdaxilə etdiyini bildirib.
SVT jurnalistləri İsveçdə 21 casusun izinə düşüb, onlardan ən azı on üçü minimum 2022-ci ilin aprelinə qədər Stokholmda işləyiblər. 

Norveçin NRK telekanalı qeyd edir ki, ümumilikdə, araşdırma çərçivəsində Şimali Avropa ölkələrindəki diplomatik missiyalarla əlaqəsi olan 38 Rusiya kəşfiyyatının agentləri müəyyən edilib.

Digər casus strateji əhəmiyyətli Şpitsbergendə yaşayır - bu, Rusiyanın Barentsburqdakı baş konsulu Andrey Çemerilodur, çox güman ki, o, QRU-ya bağlıdır. "Dosye” mərkəzi bu qənaətə ona görə gəlib ki, Çemerilo vaxtilə QRU zabitləri üçün təlim mərkəzi kimi tanınan ünvanda qeydiyyatdadır. Çemerilo özü kəşfiyyatla əlaqəsini inkar edir.

Xatırladaq ki, Norveç bu yaxınlarda Rusiya səfirliyinin de-fakto casusluq fəaliyyəti ilə məşğul olan 15 əməkdaşını arzuolunmaz şəxs elan edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->