Mənzildə döşəmə örtüyünün seçimi interyerin həm görünüşünə, həm də praktikliyinə ciddi təsir göstərir.
Qaynarinfo "The Spruce" nəşrinə istinadən xəbər verir ki, bəzi materiallar otağın estetik görünüşünü poza, təmizliyini çətinləşdirə və qısa müddətdən sonra yenilənməsini zəruri edə bilər.
Mütəxəssislər istifadəni tövsiyə etmədikləri beş döşəmə örtüyünü və onların daha praktik alternativlərini açıqlayıblar.
Parlaq parket
İnteryer dizayneri Terri Brayanın sözlərinə görə, vaxtilə premium seçim hesab edilən parlaq parket əvvəlki populyarlığını itirib. Belə örtükdə toz, ayaq izləri, cızıqlar və digər aşınma əlamətləri çox tez nəzərə çarpır. Evdə heyvan saxlanılırsa, bu problem daha da qabarıq görünür. Bundan əlavə, parlaq səth bəzi təmizləyici vasitələrin təsirindən zədələnə bilər.
Mütəxəssis bunun əvəzinə mat və ya yarımparlaq taxta döşəmələrə üstünlük verməyi tövsiyə edir. Onun sözlərinə görə, belə örtüklər həm daha təbii görünür, həm də istifadə nəticəsində yaranan izləri daha yaxşı gizlədir.
Lüks vinil döşəmə
İnteryer dizayneri Sofiya de Domeniko lüks vinil döşəməni ideal seçim hesab etmir. Onun sözlərinə görə, bu material plastik əsas üzərində dekorativ örtükdən ibarətdir və zamanla çatlaya bilər. Döşəndiyi səth kifayət qədər hamar olmadıqda isə örtük qabarma və ya ayrılma riski daşıyır.
Alternativ kimi təbii taxta döşəmə, suya davamlı taxta əsaslı laminat və ya keyfiyyətli keramik plitələr tövsiyə olunur.
Mozaik plitələr
Mozaik plitələr divar və dekorativ səthlər üçün estetik seçim sayılsa da, intensiv istifadə olunan döşəmələr üçün həmişə uyğun olmur. Terri Brayan bildirir ki, onların tikişləri tez çirklənir, rəngini dəyişir və təmizlənməsi çətinləşir. Təbii daş və şüşədən hazırlanan mozaikalar isə daha həssas qulluq tələb edir.
Mütəxəssis döşəmə üçün "balıq sümüyü" naxışlı, dama düzülüşlü və ya ağac teksturasını təqlid edən plitələri daha uyğun hesab edir.
Tünd rəngli taxta döşəmə
Tünd rəngli döşəmələr zərif görünsə də, onların üzərində cızıqlar, toz və tük daha asan nəzərə çarpır. Dizaynerin fikrincə, bu da gündəlik qulluq prosesini daha çətin və vaxtaparıcı edir.
Alternativ olaraq orta tonlu və ya təbii ağac rəngini xatırladan döşəmə örtükləri tövsiyə olunur.
Kovrolin
Mütəxəssislər otağı tam örtən kovrolini də uğurlu seçim hesab etmirlər. Xüsusilə uşaqların və ev heyvanlarının olduğu evlərdə belə örtük tez çirklənir, ləkələnir və qeyri-bərabər aşınır. Onu təmiz saxlamaq da kifayət qədər çətindir.
Dizaynerlər bunun əvəzinə taxta döşəmə və ya parketin üzərinə xalça və ya kiçik ölçülü xalçaçalar sərməyi tövsiyə edirlər. Bu halda həm döşəməyə qulluq etmək asanlaşır, həm də xalçaları lazım gəldikdə yumaq və ya tozsoranla təmizləmək mümkün olur.
Aydın
Şərhlər