Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenko Qazaxıstanın "sports.kz" saytının əməkdaşına müsahibə verib.
Qaynarinfonun məlumatına görə hazırda Rusiya klubu MOİK-də çalışan mütəxəssis iyunun 3-də keçiriləcək Qazaxıstan - Azərbaycan görüşü haqda fikirlərini bölüşüb, futbolçu karyerasını davam etdirdiyi dönəmdə Qazaxıstanda iştirak etdiyi oyundan danışıb.
- Dmitri, iyunun 3-də Qazaxıstan və Azərbaycan yığmaları Millətlər Liqasının yeni mövsümünü paytaxtımızda keçiriləcək oyunla açır. Necə düşünürsünüz, səfərdə başlamaq komandanız üçün müsabət və ya mənfi haldır?
- Oyun gərgin, maraqlı keçəcək. Milli komandalarımız arasındakı matçlar həmişə maraqlı, kifayət qədər gərgin keçir, bu və ya digər tərəf üçün asan olmur. Sabiq oyunçu kimi deyə bilərəm ki, prinsipcə, mənim üçün ilk oyunu səfərdə keçirmək daha yaxşıdır.
- Bir vaxtlar Almatıda komandalarımızın yoldaşlıq matçında çıxış etmisiniz. Həmin görüşdən təəssüratlarınız necədir?
- Çox yaxşı təəssüratlarım var, onda 3:2 hesabı ilə qalib gəldik. Stadion dolu idi, Qazaxıstan azarkeşləri komandaya çox yaxşı dəstək oldu. Maraqlı oyun keçdi. Qarşılaşma zamanı, səhv etmirəmsə, 2:1 hesabı il irəliyə keçdik, sonra məncə, 2:2 - və sonda 3:2 oldu. Görüşün bitməsinə az qalmış qələbəni qopara bildik. O vaxt, yadımdadır, Qazaxıstan millisində kifayət qədər bacarıqlı oyunçular var idi. Qələbə qazanmağı bacardıq və bu, çox sevindirici idi. Dolu tribunalar önündə qalib gəlmək xoşdur.
- 2004-cü ildə Qazaxıstan "Jenis"inin futbolçusu oldunuz, amma sonra onun heyətində bir dənə də olsun rəsmi oyun keçirmədiniz. Sonra nə oldu?
- Burada hər şey kifayət qədər sadədir: razılaşa bilmədilk. Təkcə maliyyə baxımından deyil, bəzi texniki məsələlər də var idi. Mən "Jenis"in həmin rəhbərliyinə minnətdaram, çünki onlar müəyyən müddət ərzində bəzi texniki məsələləri həll etməyə çalışıblar. Xatırlayıram, demək olar ki, 20 il keçib... Klub rəhbərliyinə xüsusilə minnətdaram, çünki məni yaxşı qəbul etdilər. Amma bəzi texniki məqamlar var idi ki, mənə "Jenis"də oynamağa imkan vermirdi.
- Düzgün başa düşürəm: siz hazırda Moskvanın MOİK klubunda və Azərbaycan millisində qapıçılar üzrə məşqçi kimi çalışırsınız. Eyni anda iki komanda ilə işləmək çətindir?
- Azərbaycan millisində 2021-ci ilin may ayından bəri işləmirəm. Çünki qeyd etdiyiniz kimi, millidə və eyni zamanda klubda çalışmaq o qədər də asan deyildi. Moskva klubunda bir ildən artıqdır ki, işləyirəm. Hər şey yaxşı gedir. Gənclərlə paralel işləyirəm - qapıçıları nəzərdə tuturam. Əsas qapıçımız, bildiyiniz kimi, İqor Akinfeyevdir. İndi o, müqavilə müddətini uzadıb, ona görə də birlikdə işləməyə davam edirik.
- Sizcə, hazırda Qazaxıstanda çıxış edən Emil Balayevin vəziyyəti necə ola bilər? Həm fiziki, həm də psixoloji - axı onun çox az oyun təcrübəsi var.
- Məncə, indi Qazaxıstanda daha çox oynamalıdır. Düşünürəm ki, növbəti bir neçə matçda o, öz optimal vəziyyətini, "Tobol"da oynadığı vaxtdakı formasını qazanacaq. Həm Qazaxıstan klubunda, həm də təbii ki, Azərbaycan millisində ona uğurlar arzulayıram.
- Sizcə, "Astana Arena”nın süni meydançası milli komandanızın futbolçularına problem yaradacaqmı?
- Hesab edirəm ki, bu, komandamız üçün böyük problem olmayacaq, çünki Azərbaycanda keyfiyyətli süni örtüklü sahələr kifayət qədərdir. Astanada süni ot örtüyü yaxşıdır, keyfiyyətlidir, ona görə də uyğunlaşma baxımından, bəlkə ilk 20-25 dəqiqəyə alışmaq lazımdır, sonra hər şey yaxşı olacaq.
- Qazaxıstan - Azərbaycan matçında komandalardan hansı oyunu gözləyirsiniz? Və bunun sonu necə olacaq?
- Düşünürəm ki, hər iki komanda ilk oyuna optimal vəziyyətdə çıxacaq. Hər iki tərəfdə kifayət qədər yaxşı səviyyəli oyunçular var. Nəticəni proqnozlaşdıra bilmərəm, amma mənə elə gəlir ki, şanslar bərabərdir. Təbii ki, milli komandamı - Azərbaycan yığmasını ruhlandıracağam. Bütövlükdə hər iki komandaya Millətlər Liqasında uğurlar arzulayıram.
Səbuhi Həsənov