ABŞ Dövlət Departamenti Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-ın "Ukraynaya xəyanət etməyəcəyini” və vəd etdiyi yardımı yenə də verəcəyinə dair sözlərinə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı
danışıb.
"İcra hakimiyyəti Ukraynanı tamamilə dəstəkləyir. Biz Ukrayna üçün əlavə maliyyə dəstəyi verməyə tamamilə hazırıq. Bu il Ukraynaya verə biləcəyimiz bir paketimiz qalıb və bundan sonra bizim əlavə təhlükəsizlik yardımı göstərmək imkanlarımız tükənəcək, ona görə də düşünürəm ki, bu, məsələ ABŞ Konqresinə aiddir”, - Miller qeyd edib.
Onun sözlərinə görə, ABŞ icra hakimiyyəti Ukraynaya əlavə yardım göstərmək öhdəliyinə sadiq olduğunu "açıq şəkildə bəyan edib”.
Miller qeyd edib ki, Konqres ilin sonuna qədər Ukrayna ilə bağlı qərar verməlidir, çünki qarşıda çətin qış var.
"Biz istəyirik ki, bu (ABŞ prezidentinin yardım sorğusu - red.) bu ilin sonuna kimi qəbul edilsin. Bu bizim məqsədimiz və prioritetimiz olaraq qalır. Konqres qərar verməlidir ki, onlar ya Ukraynanı dəstəkləyəcəklər və Rusiyanın işğalına qarşı mübarizə aparmaq üçün lazım olan maliyyəni təmin edəcəklər, ya da bunu etməyi planlaşdırmırlar”, - deyə spiker bildirib.
Miller əlavə edib ki, Ukraynaya yardım bitərsə, ABŞ prezidenti Co Bayden administrasiyasının heç bir "sehrli həlli” yoxdur.
Bundan əlavə, o qeyd edib ki, maliyyə mənbələri yaxın bir neçə həftə ərzində bitəcək, "buna görə də Konqresin hərəkətə keçməsinə ehtiyacımız var".
Xatırladaq ki, dekabrın 6-da Ukrayna, İsrail və Tayvana təxminən 106 milyard dollarlıq yardımın maliyyələşdirilməsinə dair qanun layihəsi respublikaçıların daha sərt immiqrasiya siyasətləri tələbləri səbəbindən ABŞ Senatında prosedur səsverməsindən keçə bilməyib.
Nizami Bağırov