Ekonomiks 13:49 22.11.2022

“Dominos Pizza”nın müştərini aldatması təsdiqləndi - 4 min cərimə edildi

"Dominos Pizza” restoranı keçirilən kampaniyaya görə cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Xətai rayonu, M.Hadi 142B, 142C, 144C ünvanında yerləşən "Dominos Pizza” restoranında orta ölçülü pizzalarla bağlı kampaniya keçirilib. Kampaniya çərçivəsində orta ölçülü pizzalar 9.9 manata satılmalı olsa da, müştəridən 14.90 manat alınıb. 

Müştəri bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ünvanlayıb. 

Xidmətin apardığı araşdırma zamanı həqiqətən də "Dominos Pizza”da müştəridən əlavə ödəniş alması və restoranın İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətəsi təsdiqlənib. 

Məhkəmədən restorana qarşı inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edilib. 

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən məhkəmə prosesində "Dominos Pizza” restoranı İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, şirkət Azərbaycanda 2014-cü ildə "Domino S” MMC adı altında qeydiyyatdan keçib. MMC-nin qanuni təmsilçisi Məniçöhr Əhədpur Xangah Əli oğludur.

Məniçöhr Əhədpurun adı bu günlərdə həbs edilən "Broker” MMC-nin sahibi Əbülfəz Məlikovla yanaşı çəkilir. İddialara görə, Əhədpurla Məlikovun ortaq biznesi var. Əhədpur həm də fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs sayılır. Təsadüfi deyil ki, mediada Kəmaləddin Heydərovun biznes imperiyası barədə dərc edilən materiallarda "Domino S” MMC-nin adı nazirə məxsus şirkətlər arasında qeyd edilib.

Əhməd